Minalanmış Azərbaycan ərazilərinin xəritələrinin Ermənistandan tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət olunub
  • DAĞLIQ QARABAĞ

  • 12:38 25 Mart 2021

Minalanmış Azərbaycan ərazilərinin xəritələrinin Ermənistandan tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət olunub

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Minadan zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, Minalar əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafis Səfixanov, "Dayaq" Qeyri-hökumət Humanitar təşkilatının sədri Şahin İbrahimov, Mina qurbanlarının Sosial-İqtisadi Problemlərinin həllinə Kömək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə BMT və beynəlxalq qurumlar işğaldan azad edilmiş Azərbaycan ərazilərinin kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamağa çağırılıb. Müraciətdə Ermənistan hərbi birləşmələrinin Azərbaycanla dövlət sərhədləri boyunca və Qarabağda törətdiyi təxribatlara cavab olaraq başlayan müharibə nəticəsində 44 gün ərzində azad edilən Azərbaycan ərazilərinin ciddi şəkildə kına problemi ilə üz-üzə qaldığı vurğulanıb. Bildirilib ki, son 4 ay ərzində 40-a yaxın mülki şəxs işğaldan azad edilmiş ərazilərə səfər edərkən minaya düşərək həlak olub və ya ağır yaralanıblar. Bəyanatda minaların erməni hərbi birləşmələri tərəfindən əsasən hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə basdırıldığı və mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törətdiyi qeyd edilib.

Bildirilib ki, bəzi beynəlxalq qurumlar Birinci Qarabağ müharibəsi zamanında Azərbaycan tərəfindən itkin düşən 3171 hərbi vəzifəlinin, 719 mülki şəxsin acı taleyinə biganə yanaşır, düşmən tərəfindən dağıdılan yaşayış məntəqələrinin, mədəni obyektlərin, sosial infrastrukturun dözülməz vəziyyətinə göz yumurlar. Son döyüş əməliyyatları zamanı Gəncə, Bərdə, Tərtər, digər şəhər və rayonlarda məskunlaşan mülki şəxslərə qarşı qadağan olunmuş kaset bombalar kimyəvi sursatlarının istifadəyə görə işğalçı tərəfə qarşı ittihamlar çıxış etmirlər.

Bəyanatın sonunda beynəlxalq təşkilatlar Ermənistan tərəfinin əsassız və münaqişəni yenidən qızışdırmaq, beynəlxalq birlik arasında ədavəti alovlandırmaq kimi provaktiv tədbirlərinə deyil, regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsinə, bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin , partlayış tələləri qurulmuş yerlərin xəritələrinin Azərbaycan tərəfinə verilməməsinə səssiz qalmamağa çağırılıb.

 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR