“Srebreniça Anaları”nın rəhbəri: “Xocalı soyqırımının hələ də tanınmaması utancvericidir”
  • DAĞLIQ QARABAĞ

  • 16:12 23 Fevral 2019

“Srebreniça Anaları”nın rəhbəri: “Xocalı soyqırımının hələ də tanınmaması utancvericidir”

“Martın 9-da BMT-nin konfransında iştirakım zamanı Azərbaycana səfərimdən mütləq bəhs edəcək və bildirəcəyəm ki, Xocalı soyqırımının hələ də tanınmaması utancvericidir”.

ONA xəbər verir ki, bu sözləri Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edən “Srebreniça Anaları” hərəkatının rəhbəri Münirə Subaşiç bildirib.

O, jurnalistlərə açıqlamasında qeyd edib ki, Xocalı soyqırımını dünyada tanıtmaq üçün anaların rəhbərliyi ilə qeyri-hökumət təşkilatları yaradılmalıdır: “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən görüşlər zamanı biz hər iki faciəni müqayisə etdik. Eyni faciə, eyni ağrı, eyni cinayət... Yeganə fərq ondadır ki, biz bunu bütün dünyada sübuta yetirə bildik”.

M.Subaşiç həmçinin Xocalı soyqırımında əzizlərini itirən anaları susmamağa, bütün lazımi tribunalarda və instansiyalarda çıxış etməyə səsləyib: “Ölənləri geri qaytarmaq mümkün deyil, amma ən azından gələcək nəsil üçün nə isə etmək olar. Ona görə biz övladlarımıza təhsil veririk. Hazırda Srebreniça uşaqları fərqli sahələrdə öz işlərinin mütəxəssisləridir. Əsas odur ki, biz övladlarımıza yaxşı təhsil veririk”.

Qeyd edək ki, Münirə Subaşiç Srebreniça soyqırımında həyat yoldaşı, oğlu, 3 qardaşı və 2 bacısı da daxil olmaqla, 22 ailə üzvünü itirib.

Rəna Ağayeva

Teqlər:

OXŞAR XƏBƏRLƏR