Siyavuş Novruzov: “Ermənistanda din işğalçılıq siyasətinə xidmət edir, din xadimləri isə bunu dəstəkləyir”
  • DAĞLIQ QARABAĞ

  • 12:49 05 Mart 2019

Siyavuş Novruzov: “Ermənistanda din işğalçılıq siyasətinə xidmət edir, din xadimləri isə bunu dəstəkləyir”

“Azərbaycanda həm qanunun aliliyi, həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir”.

ONA xəbər verir ki, bunu Milli Məclisin ictimai və birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, dini etiqad  yeganə həm təbii, həm də konstitusiya ilə tənzimlənən yeganə hüquqdur: "İnsan hüquqları arasında birinci olaraq dini etiqad azadlığı dayanır. Çünki dini etiqad azadlığına qarşı atılan istənilən addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır. Nəinki Azərbaycanda, eləcə də Azərbaycan sərhədlərindən kənarda - Qərbi və Şərqi Avropada məscidlərin, sinaqoqların, kilsələrin bərabər şəkildə təmir edilib istifadəyə verilməsi əsas diqqət ayrılan məsələlərdən biridir. Bu məsələ birbaşa ölkə başçımızın və Heydər Əliyev Fondunun diqqətində saxlanılır".

S.Novruzov hər hansı məsələyə ədalətsiz yanaşılmasının bir çox mövzulara təsir etdiyini diqqətə çatdırıb: "Biz bu gün ayrı-ayrı dövlətlərin öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında müəyyən addımlar atdığının şahidi oluruq. Bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir. Bu kimi davranışlar dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır. 20 faizdən çox Azərbaycan torpaqlarının ermənilərin işğalı altında olması, 1 milyondan artıq məcburi köçkünün olması və bu yaxınlarda 27-ci ildönümünü qeyd etdiyimiz Xocalı hadisələrinin baş verməsində bilavasitə bu amillərin rolu var. Bu istiqamətdə bir fakta toxunmaq istərdim. Din xadimi xalqlar arasında sülh və əmin-amanlığın yaranmasına xidmət etməlidir. Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətinə xidmət edir, din xadimləri isə bu davranışları dəstəkləyir. Din xadimləri bu hadisələri pisləyib qarşısını almaqdansa, bu hadisələrə haqq verir və işğal siyasətinin davam etdirilməsini təbliğ edir. Dəfələrlə şəhidlərimizin cəsədlərinin qaytarılması istiqamətində Ermənistanın din xadimlərinə müraciət olunsa da, bizə müsbət reaksiya verməkdən imtina ediblər".

S.Novruzov Dilqəm Əsgərov və Şahbaz Quliyevə qondarma məhkəmə qurulması məsələsinə də toxunub: "Dilqəm Əsgərova və Şahbaz Quliyevə qondarma məhkəmə qurulub və onların hüquqları pozulub. Bu istiqamətdə də bizim müraciətlərimizə, danışıqlara din xadimləri tərəfindən müsbət reaksiya verilməyib. O baxımdan düşünürəm ki, bu cür tədbir və təbliğatlar dünyanın bütün ölkələrində keçirilməlidir ki, analoji halların qarşısı alınsın".

Aytən Yusifova

Teqlər:

OXŞAR XƏBƏRLƏR