Zəngilanda beynəlxalq hava limanı və “Ağıllı kənd” layihəsinin təməli qoyulub
  • DAĞLIQ QARABAĞ

  • 15:05 27 Aprel 2021

Zəngilanda beynəlxalq hava limanı və “Ağıllı kənd” layihəsinin təməli qoyulub

Prezident İlham Əliyev aprelin 26-da Zəngilan rayonunda beynəlxalq hava limanının təməlini qoyub.

ONA-nın məlumatına görə, təməlqoyma mərasimi Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində baş tutub.

Dövlət başçısı bildirib ki, Zəngilan beynəlxalq hava limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. Prezident bunun işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olduğunu deyib, birinci beynəlxalq hava limanının inşasının Füzuli rayonu ərazisində uğurla davam etdiyini bildirib.

Dövlət başçısı Füzuli beynəlxalq hava limanının uçuş-enmə zolağının bu il istismara veriləcəyini qeyd edib.

Prezident İlham Əliyev səfəri çərçivəsində Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin də təməlini qoyub.

“Ağalı kəndində “Ağıllı kənd” layihəsinin təməl daşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Qarabağ Azərbaycandır!”. Həmin bu yazı gilizdədir”, - deyə Prezident əlavə edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma məlumat verib ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR