Azərbaycan Los Ancelesdə keçirilən turizm sərgisində təmsil olunub
  • DİASPOR

  • 14:50 19 Fevral 2019

Azərbaycan Los Ancelesdə keçirilən turizm sərgisində təmsil olunub

ABŞ-ın Los Anceles şəhərində keçirilən “Los Anceles Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ONA-ya bildirilib ki, təxminən 30 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-da ən böyük turizm sərgisidir.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulmuş Azərbaycan stendində ölkəmiz haqqında müxtəlif bannerlər, broşürlər, kitab və jurnallar vasitəsilə sərgi iştirakçılarına geniş məlumat verilib.

Stenddə quraşdırılmış monitorda Azərbaycanın təbiətini, tarixi və memarlıq abidələrini əks etdirən video-çarxlar nümayiş etdirilib. Bundan başqa, Los Ancelesdə yaşayan Azərbaycan diaspor fəallarının nümayiş etdirdikləri milli geyimlərimiz, milli mətbəximizdən nümunələr sərgi ziyarətçilərinin diqqətini çəkib.  

Sərgi iştirakçılarının Azərbaycan və onun turistik mərkəzləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Məlumatda qeyd olunub ki, stenddə quraşdırılmış, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın Zinət Tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiəti ilə yanaşı, Qarabağ atı, xalçası, mətbəxi, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Kilsəsi kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən şəkillər əks olunub. Həmçinin, Baş Konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla, Qarabağa dair müvafiq kitabça dərc olunaraq, sərgi iştirakçıları arasında paylanılıb. Kitabçada Qarabağın əzəli Azərbaycan torpağı olması barədə məlumat verilməklə yanaşı, eyni zamanda Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

Sərgidən qısa video reportaja bu linkdə baxmaq olar: 
https://youtu.be/nqtbAOWLTCQ <https://youtu.be/nqtbAOWLTCQ>  

Gülşən Hacıyeva

Teqlər:

OXŞAR XƏBƏRLƏR