Avqustun 8-i Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən sonra formalaşan yeni siyasi reallığın beynəlxalq səviyyədə təsbit olunduğu ən mühüm mərhələlərdən birinin ildönümüdür. Məhz bir il əvvəl Vaşinqtonda Prezident İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş və imzalanan sənədlər Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasına təsir göstərəcək yeni mərhələnin əsasını qoydu.
Bu hadisənin əhəmiyyəti yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə məhdudlaşmır. Vaşinqton razılaşması bir daha göstərdi ki, postmünaqişə dövrünün siyasi gündəmini müəyyən edən tərəf Azərbaycan olub. Müharibədə qələbə qazanan dövlət eyni zamanda sülh prosesinin müəllifi kimi çıxış etdi, beynəlxalq hüquqa əsaslanan konsepsiya təqdim etdi və danışıqların istiqamətini müəyyənləşdirdi.
Əslində, Vaşinqtonda imzalanan sənədlər bir gündə yaranmış siyasi nəticə deyildi. Bu, Prezident İlham Əliyevin 2020-ci il Vətən müharibəsindən sonra beş il ərzində ardıcıl şəkildə həyata keçirdiyi siyasi və diplomatik strategiyanın məntiqi davamı idi. Azərbaycan bu hərbi qələbəni yeni qarşıdurma deyil, davamlı sülh və regional əməkdaşlıq üçün hüquqi-siyasi platformaya çevirmək yolu seçmişdi.
Vaşinqtonda keçirilən mərasimdə Prezident İlham Əliyev də bu yanaşmanın mahiyyətini açıqlayaraq bildirmişdi: "Bu günü dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm və bu gün bütün region üçün çox müsbət nəticələr verəcək."

Dövlət başçısı çıxışında vurğuladı ki, Azərbaycan postmünaqişə dövründə ardıcıl şəkildə sülh gündəliyini irəli aparıb və bu proses nəticə etibarilə regionun gələcəyini müəyyən edən yeni siyasi mərhələyə gətirib çıxarıb.
Prezident İlham Əliyevin Vaşinqtonda səsləndirdiyi digər fikir isə Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin mahiyyətini aydın şəkildə ifadə edirdi: "Biz müharibə yolu ilə ədaləti bərpa etdik. İndi isə buna siyasi müstəvidə son qoyduq".
Bu fikir təsadüfi deyildi. Çünki Azərbaycanın postmünaqişə strategiyası hərbi qələbənin diplomatik nəticələrlə möhkəmləndirilməsi üzərində qurulmuşdu. Hərbi əməliyyatlar başa çatdıqdan sonra rəsmi Bakı revanşizm deyil, beynəlxalq hüquqa əsaslanan sülh modelini irəli sürdü.
Məhz buna görə də müharibədən dərhal sonra Azərbaycan Ermənistana sülh müqaviləsinin əsasını təşkil edən beş baza prinsipini təqdim etdi. Bu prinsiplər dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, gələcəkdə ərazi iddialarından imtina, sərhədlərin toxunulmazlığı, münasibətlərin beynəlxalq hüquq normaları əsasında qurulması və kommunikasiyaların açılması kimi fundamental müddəaları özündə ehtiva edirdi.
Diqqətçəkən məqam ondan ibarətdir ki, sonrakı bütün beynəlxalq platformalarda – istər Moskva, istər Brüssel, istərsə də Vaşinqton formatında aparılan danışıqlar məhz Azərbaycanın müəyyən etdiyi bu siyasi-hüquqi çərçivə əsasında davam etdirildi. Başqa sözlə, sülh prosesinin təşəbbüsü də, onun hüquqi məzmunu da Azərbaycana məxsus idi.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov hesab edir ki, Vaşinqton Sazişinin siyasi və hüquqi əhəmiyyətini qiymətləndirərkən prosesi Vətən müharibəsindən sonra başlanan yeni mərhələnin davamı kimi nəzərdən keçirmək lazımdır.

Onun sözlərinə görə, müharibədən sonra regionda tamamilə fərqli geosiyasi vəziyyət formalaşdı: "Məlum olduğu kimi, müharibənin başa çatmasından sonra Rusiyanın vasitəçiliyi ilə üçtərəfli Bəyanat imzalandı. Daha sonra Rusiya Prezidenti Vladimir Putinin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və digər beynəlxalq aktorların təşəbbüsü ilə müxtəlif danışıqlar platformaları formalaşdırıldı. Həmin görüşlərdə sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, humanitar məsələlərin həlli və sülh müqaviləsinin hazırlanması kimi mövzular müzakirə olunurdu. Bunun üçün müxtəlif işçi qrupları yaradılmış və iki ölkə arasında dialoq davam etdirilmişdi”.
Ekspertin diqqət çəkdiyi bu məqam onu göstərir ki, 2020-ci ildən sonra danışıqların coğrafiyası genişlənsə də, onların məzmununu müəyyən edən əsas xətt dəyişmədi. Müxtəlif vasitəçilər prosesə qoşulsalar da, yekun hədəf Azərbaycanın müəyyən etdiyi sülh gündəliyi idi.
Bu mərhələdə ən mühüm hadisələrdən biri 2022-ci ilin Praqa görüşü oldu. Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdı, Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etdi. Daha sonra Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Bununla da Qarabağ münaqişəsinin hərbi-siyasi mərhələsi faktiki olaraq başa çatdı.
Lakin Prezident İlham Əliyev dəfələrlə vurğulayırdı ki, hərbi qələbə yekun məqsəd deyil. Əsas vəzifə onu davamlı sülhə çevirməkdir. Məhz buna görə də Bakı beynəlxalq platformalarda sülh müqaviləsinin imzalanmasını prioritet məsələ kimi irəli sürdü.
Vaşinqtonda çıxışı zamanı dövlət başçısı bu siyasətin nəticəsini belə ifadə etdi: "Əminəm ki, bu gün Ağ Evdə paraflanan sülh sazişi artıq regiona sülh gətirib”.
Bu fikir Azərbaycanın postmünaqişə siyasətinin əsas məntiqini əks etdirirdi. Çünki rəsmi Bakı üçün sülh yalnız münaqişənin bitməsi deyil, eyni zamanda regionda yeni təhlükəsizlik sisteminin, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimad mühitinin formalaşdırılması demək idi.
Politoloq Zaur Məmmədov da hesab edir ki, hərbi mərhələnin başa çatması bütün problemlərin avtomatik həll olunması anlamına gəlmirdi: "Hərbi mərhələnin başa çatması bütün siyasi problemlərin həll olunması demək deyildi. 2025-ci ilin avqust ayına qədər Ermənistanın bəzi məsələlər üzrə mövqeyi tam qəti və hüquqi baxımdan yekunlaşmış hesab oluna bilməzdi”.
Məhz buna görə Azərbaycan diplomatik prosesi dayandırmadı. Əksinə, hərbi uğuru siyasi və hüquqi mexanizmlərlə möhkəmləndirməyə yönəlmiş ardıcıl fəaliyyət həyata keçirdi. Bu strategiyanın mərkəzində isə sülh müqaviləsinin beş baza prinsipi dayanırdı.
Zaur Məmmədovun sözlərinə görə, bu prinsiplərin müəllifi də, sülh gündəliyinin təşəbbüskarı da Azərbaycan idi: "Sülh müqaviləsinin beş əsas prinsipi Azərbaycan tərəfindən müəyyən edilib. Sülh təşəbbüsü də, onun məzmunu da Azərbaycana məxsusdur. Sonrakı dövrdə keçirilən bütün danışıqlar – istər Moskva, istər Brüssel, istərsə də Vaşinqton formatı – mahiyyət etibarilə Azərbaycanın irəli sürdüyü bu prinsiplər əsasında davam etdirildi”.
Bu qiymətləndirmə bir daha göstərir ki, Vaşinqtonda imzalanan sənədlər yeni ideyanın deyil, Azərbaycanın formalaşdırdığı siyasi xəttin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti mərhələsi idi. Vaşinqton görüşü ilə postmünaqişə dövrünün əsas siyasi tezisi - sülhün Azərbaycanın müəyyən etdiyi prinsiplər əsasında qurulması praktik müstəviyə keçdi.

Lakin bu proses asan baş vermədi. Yeni regional reallığın beynəlxalq səviyyədə qəbul edilməsi fonunda müxtəlif xarici güclər fərqli mövqelər nümayiş etdirir, Cənubi Qafqazda formalaşan yeni geosiyasi vəziyyətə münasibətdə ziddiyyətli yanaşmalar ortaya qoyurdular. Məhz bu şəraitdə ABŞ-da administrasiya dəyişikliyi, Vaşinqtonun regiona baxışında yaranan yeni yanaşma və Donald Trampın vasitəçilik təşəbbüsü sülh prosesini yeni mərhələyə çıxardı.
44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni siyasi reallıq bütün beynəlxalq aktorlar tərəfindən eyni şəkildə qarşılanmırdı. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi beynəlxalq hüququn tələblərinə uyğun olsa da, bəzi siyasi dairələr uzun illər formalaşdırdıqları yanaşmadan imtina etmək istəmirdi. Bu səbəbdən postmünaqişə dövründə sülh gündəliyinin qəbul etdirilməsi ən azı hərbi qələbənin möhkəmləndirilməsi qədər mürəkkəb diplomatik proses idi.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalarda dəfələrlə vurğulayırdı ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub və regionun gələcəyi keçmiş münaqişələr deyil, yeni əməkdaşlıq modeli üzərində qurulmalıdır.
Vaşinqtonda keçirilən görüşdə də dövlət başçısı diqqəti məhz bu məqama yönəldərək bildirdi: "Bu gün biz Cənubi Qafqazda sülh yaradırıq. Hesab edirəm ki, bu, yalnız regionumuz üçün deyil, daha geniş coğrafiya üçün də yeni imkanlar açacaq”.
Bu yanaşma Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətini nümayiş etdirirdi. Bakı üçün əsas məqsəd müharibənin nəticələrinin beynəlxalq səviyyədə hüquqi və siyasi baxımdan möhkəmləndirilməsi, eyni zamanda regionun yeni inkişaf modelinin formalaşdırılması idi.
Zaur Məmmədov bildirir ki, məhz bu mərhələdə bəzi xarici dairələr regionda yaranmış yeni vəziyyəti qəbul etmək istəmirdi: "Xüsusilə Fransa və Avropanın bəzi institutları regionda yaranmış yeni reallığı qəbul etməkdə tərəddüd edir, müxtəlif beynəlxalq platformalar vasitəsilə Azərbaycana qarşı siyasi və informasiya kampaniyaları aparırdılar. ABŞ daxilində də, xüsusilə Demokratlar Partiyasına yaxın bəzi siyasətçilər və erməni lobbisi ilə sıx əlaqələri olan dairələr tərəfindən Azərbaycana qarşı tənqidi yanaşma davam etdirilirdi”.
Bu qiymətləndirmə onu göstərir ki, postmünaqişə dövründə Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri yalnız Ermənistanla danışıqları davam etdirmək deyildi. Eyni zamanda yeni geosiyasi reallığın beynəlxalq siyasi mərkəzlər tərəfindən qəbul olunmasına nail olmaq da vacib idi.
Məhz bu baxımdan ABŞ-da siyasi hakimiyyət dəyişikliyi və Donald Tramp administrasiyasının Cənubi Qafqaza yanaşması prosesin gedişinə mühüm təsir göstərdi.
Politoloq Zaur Məmmədov hesab edir ki, Vaşinqtonun mövqeyində baş verən dəyişiklik sülh prosesinin sürətlənməsində əsas amillərdən biri oldu: "Donald Trampın hakimiyyətə qayıdışından sonra Vaşinqtonun regiona yanaşmasında müəyyən dəyişikliklər baş verdi. Azərbaycan ilə ABŞ arasında siyasi dialoqun intensivləşməsi, dövlət başçıları arasında qarşılıqlı mesajlar və hökumətlərarası təmasların artması Vaşinqtonun Cənubi Qafqazda daha fəal rol oynamasına şərait yaratdı. Əgər əvvəlki dövrdə ABŞ-ın fəaliyyəti daha çox mübahisələr doğururdusa, sonrakı mərhələdə onun sülh prosesinə daha konstruktiv yanaşdığı müşahidə olundu”.
Bu dəyişiklik təsadüfi deyildi. Son aylarda Bakı ilə Vaşinqton arasında intensiv siyasi dialoq, yüksək səviyyəli təmaslar və strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlar iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərirdi.
Prezident İlham Əliyev Vaşinqtonda bu məsələyə toxunaraq bəyan etdi: "Bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır - əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi...”
Bu bəyanat yalnız ikitərəfli münasibətlərə aid deyildi. Əslində, Vaşinqton platformasının seçilməsi Azərbaycanın müəllifi olduğu sülh gündəliyinə ABŞ tərəfindən verilən siyasi dəstəyin ifadəsi idi.
Məhz bu siyasi fonda Prezident İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın iştirakı ilə Vaşinqton Bəyannaməsi imzalandı.
Politoloq Zaur Məmmədov hesab edir ki, həmin sənəd Azərbaycanın son illərdə həyata keçirdiyi diplomatik xəttin beynəlxalq səviyyədə qəbul edilməsinin rəmzinə çevrildi: "Məhz bu fonda Prezident İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton Bəyannaməsinin imzalanmasını region üçün mühüm siyasi hadisə hesab edirəm. Bu, təkcə növbəti siyasi razılaşma deyil, Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin və beş baza prinsipinin beynəlxalq səviyyədə dəstəkləndiyini göstərən mühüm siyasi sənəddir. Məncə, bu sənəd, ilk növbədə, Azərbaycana qarşı beynəlxalq müstəvidə aparılan bəzi siyasi kampaniyaların təsir imkanlarını əhəmiyyətli dərəcədə azaltdı. Eyni zamanda ABŞ daxilində Qarabağ məsələsini əvvəlki formada gündəmdə saxlamağa çalışan qüvvələrin arqumentləri də zəiflədi”.
Vaşinqtonda imzalanan Birgə Bəyannamə və digər sənədlər bir neçə mühüm istiqaməti özündə ehtiva edirdi. Bunlardan biri sülh sazişinin razılaşdırılmış mətninin paraflanması, digəri isə regionda yeni nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi üçün siyasi iradənin nümayiş etdirilməsi idi. Bundan başqa, tərəflər uzun illər fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupu institutlarının fəaliyyətinin dayandırılması istiqamətində də ortaq mövqe ortaya qoydular. Bu addımlar postmünaqişə dövrünün artıq tamamilə yeni hüquqi mərhələyə keçdiyini göstərirdi.
Vaşinqton görüşünün mühüm nəticələrindən biri də TRIPP (Trump Route for International Peace and Prosperity) təşəbbüsünün təqdim olunması oldu. Layihə yalnız nəqliyyat marşrutu kimi deyil, regionda qarşılıqlı iqtisadi asılılığı artırmaq, ticarəti genişləndirmək və uzunmüddətli sabitliyi möhkəmləndirmək məqsədi daşıyan strateji platforma kimi qiymətləndirilir.

Əslində, bu layihə Azərbaycanın uzun illər həyata keçirdiyi nəqliyyat və logistika siyasətinin davamı idi. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutları fonunda TRIPP regionun tranzit potensialını daha da artıran yeni həlqə kimi çıxış edir.
Politoloq Zaur Məmmədov hesab edir ki, Vaşinqton Bəyannaməsinin ən mühüm nəticələrindən biri Ermənistanın yeni reallığı siyasi səviyyədə qəbul etməsi oldu: "Sənədin ən mühüm nəticəsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləməsi, Qarabağ məsələsinin artıq keçmişdə qaldığını qəbul etməsi və sülh müqaviləsinin imzalanmasına dair siyasi məsuliyyət götürməsi oldu”.
Bu qiymətləndirmə göstərir ki, Vaşinqton sənədi təkcə diplomatik sənəd deyil, həm də postmünaqişə dövrünün siyasi yekunlarının beynəlxalq müstəvidə təsbit edilməsinə xidmət edən mühüm hüquqi-siyasi platformadır.
Prezident İlham Əliyev də çıxışında məhz bu məqama toxunaraq bildirdi: "Əminəm ki, bu gün əldə etdiyimiz razılaşmalar regionumuzda uzunmüddətli sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsasını qoyacaq”.
Politoloqun fikrincə, Vaşinqton Bəyannaməsi Azərbaycanın son illərdə həyata keçirdiyi siyasi və diplomatik strategiyanın uğurlu nəticəsi kimi qiymətləndirilməlidir: "Vaşinqton Bəyannaməsi Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl siyasi və diplomatik fəaliyyətin mühüm nəticələrindən biridir. Azərbaycan hərbi qələbəni diplomatik uğurla tamamlaya bildi və beynəlxalq ictimaiyyətə regionda sabitliyin, iqtisadi əməkdaşlığın və yeni nəqliyyat-kommunikasiya layihələrinin yalnız qarşılıqlı etimad və sülh şəraitində mümkün olduğunu nümayiş etdirdi”.
Ekspert hesab edir ki, əldə olunan nəticələr yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmir: "Bu gün Cənubi Qafqaz artıq yeni inkişaf mərhələsinə daxil olur. Regionun gələcəyi qarşıdurmadan deyil, əməkdaşlıqdan, iqtisadi inteqrasiyadan və yeni təhlükəsizlik modelindən asılı olacaq. Azərbaycan bu prosesdə əsas aktor kimi çıxış edir, eyni zamanda həyata keçirdiyi siyasətlə formalaşan yeni geosiyasi reallığın əsas iştirakçılarından birinə çevrilib”.
Bu baxımdan son illərin hadisələri göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət təkcə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə yekunlaşmayıb. Bu siyasət eyni zamanda regionda yeni təhlükəsizlik arxitekturasının, yeni iqtisadi əməkdaşlıq modelinin və beynəlxalq hüquqa söykənən siyasi münasibətlər sisteminin formalaşmasına istiqamət verib.
Politoloq Zaur Məmmədovun qənaətincə, Vaşinqton Bəyannaməsinin əsl əhəmiyyəti də məhz burada özünü göstərir: "Bu baxımdan Vaşinqton Bəyannaməsini təkcə Azərbaycan və Ermənistan arasında əldə olunmuş növbəti razılaşma kimi deyil, regionun gələcək siyasi arxitekturasını müəyyənləşdirə biləcək mühüm sənəd kimi qiymətləndirirəm. Bu sənəd yekun sülh müqaviləsinə gedən yolda mühüm hüquqi və siyasi baza yaradır, Ermənistanın üzərinə konkret öhdəliklər qoyur və Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin beynəlxalq səviyyədə daha da möhkəmlənməsinə xidmət edir”.
Beləliklə, Vaşinqtonda başlanan yeni mərhələ bir daha göstərdi ki, Cənubi Qafqazda formalaşan yeni status-kvo hərbi qələbə ilə yanaşı, həmin qələbənin ardınca həyata keçirilən uzaqgörən siyasi strategiyanın nəticəsidir. Bu strategiyanın müəllifi isə müharibədən sonra sülh gündəliyini də formalaşdıran Azərbaycan və onun lideri İlham Əliyevdir.
Faiq Mahmudov