Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib.
Nazirlikdən ONA-ya verilən xəbərə görə, rəhbər heyətə məruzə olunub ki, respublikamızın müxtəlif bölgələrində yeni istifadəyə verilmiş 20-yə yaxın hərbi infrastruktur obyektlərində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi, eləcə də ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib.
İnfrastrukturlar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub.
General-polkovnik Zakir Həsənov ölkəmizin hava məkanının fasiləsiz müdafiəsi, bununla yanaşı HHM bölmələrində keçirilən təlim və məşqlər zamanı arsenala yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiqi qaydalarının mənimsənilməsi barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.