Bu gün Bakıda Milli Məclisin bir qrup üzvü ilə əslən Borçalıdan olan və Azərbaycanda yaşayan soydaşlarımızın görüşü keçirilib.
ONA xəbər verir ki, görüş qafqazşünas Kamran Ramazanlı və Borçalıdan olan bir qrup ziyalı tərəfindən təşkil olunub.
Görüşdə miqrasiya sahəsindəki problemlər və "Soydaş haqqında" qanunun qəbulunun vacibliyi diqqətə müzakirə olunub. Qeyd olunub ki, sabah bir qrup Borçalı ziyalısı Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynovla görüşəcək. Görüşdə Borçalıda yaşayan soydaşlarımızın Azərbaycanda miqrasiya qanunvericiliyi sahəsində üzləşdiyi problemlər müzakirə olunacaq. Təklif ediləcək ki, Dövlət Miqrasiya xidməti ziyalı və QHT-lərlə birlikdə ictimai dinləmə keçirsin.
Tədbirdə bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən və Gürcüstan vətəndaşı olan bir qrup azərbaycanlı tərəfindən Milli Məclisin sədri Oqtay Əsədova müraciət olunub. Müraciətdə “Soydaş haqqında” qanunun qəbul olunması və bu statusun parlamentdə hüquq müstəvisində təsdiq olunmasına yardım etmək xahiş olunur.