Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşüb.
Komitədən ONA-ya verilən məlumata görə, görüş zamanı M.Baxtadze bildirib ki, komitənin Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı həyata keçirdiyi layihələrə çox müsbət yanaşır və bu fəaliyyəti yüksək şəkildə dəyərləndirir.
Baş nazir M.Baxtadze görüşdə iştirak edən Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə komitə ilə ikitərəfli münasibətləri daha da intensivləşdirmək, çoxsaylı birgə layihələr həyata keçirmək barədə göstəriş verib.
Fuad Muradov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dziguri ilə də görüşüb. Z.Dziquri Azərbaycanla Gürcüstanın strateji müttəfiq, iki xalqın isə dost və qardaş olduqlarını vurğulayaraq, ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib.
F.Muradov komitə sədri kimi ötən ilin yayında ilk dəfə Gürcüstana səfər etdiyini və bu ölkədə yaşayan azərbaycanlıların üzləşdikləri problemləri ətraflı öyrəndiyini diqqətə çatdırıb. O, təhsillə bağlı layihələr hazırlandığını və aprelin 3-də Gürcüstan azərbaycanlılarının inteqrasiya mərkəzinin açılış mərasiminin keçiriləcəyini bildirib. F.Muradov qeyd edib ki, bu mərkəz Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası baxımından Azərbaycan dövlətinin töhfəsi olacaq. Eyni zamanda F.Muradov erməni separatçısına Gürcüstanda abidə ucaldılması məsələsinə toxunaraq, bunun ikitərəfli münasibətlərin hazırkı səviyyəsinə uyğun olmadığını nəzərə çatdırıb.