Moskvanın Azərbaycan İcması martın 12-də Moskva Millətlər Evində "Azərros"un keçirdiyi dəyirmi masa barədə məlumat yayıb.
ONA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, icma rəhbəri Şamil Tağıyev adından yayılan məlumatda Moskva Millətlər Evində keçirilən "Millətçilik və ekstremizm Rusiya Federasiyasının dövlət və milli təhlükəsizliyinə hədə kimi" adlı dəyirmi masada səslənən bəyanatlar pislənilib. Bildirilib ki, Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyəti olan "Azərros"un təşkil etdiyi bu tədbir Moskva və Moskva vilayəti ərazisində yaşayan Rusiya xalqları arasında millətlərarası münasibətlərin və ictimai əlaqələrin möhkəmlənməsi və inkişafı üçün çalışan ictimai lider və fəalları qaralamağa hesablanıb: "Məlum tədbirdə səslənən bütün fikirləri analiz etdikdən sonra Moskvanın Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyevin ünvanına təhqiredici və yalan ittihamlar səsləndiyini aşkarladıq. Əminik ki, "Azərros"un Moskva bölməsinin rəhbəri Ağadadaş Kərimov və Rusiya Erməniləri İttifaqının vitse-prezidenti Levon Mukanyanın simasında təşkilatçıların bu təxribatı məqsədli olub. Onların bu addımı Moskvanın bir sıra ictimai təşkilatlarında qarışıqlıq və anlaşılmazlığın olduğunu göstərir. Ağadadaş Kərimovun qeyri-professionallıq və bacarıqsızlığı, konstruktiv fəaliyyət göstərməməsi Azərbaycan icmasının şüurlu hissəsi üçün qəbul olunmur və biz bu icmanın bir hissəsi kimi ünvanımıza səslənən təhqirlərə görə Kərimovun üzr istəməsini tələb edirik",-deyə məlumatda bildirilib.
Qeyd edək ki, martın 12-də Moskva Millətlər Evində "Millətçilik və ekstremizm Rusiya Federasiyasının dövlət və milli təhlükəsizliyinə hədə kimi" adlı dəyirmi masa keçirilib. "Azərros"un təşkil etdiyi dəyirmi masada qurumun Moskva bölməsinin üzvü İlona Petrovna, hüquqşünas Manuk Şamirov, Rusiya Erməniləri İttifaqının vitse-prezidenti Levon Mukanyan Azərbaycan əleyhinə fikirlər səsləndiriblər. Onlar Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı tədbirlərin Rusiyada keçirilməsinin düzgün olmadığını bildiriblər.