ABŞ hökuməti, Suriya prezidenti Bəşər Əsədin oğlu da daxil olmaqla, dörd Suriya vətəndaşına, Suriya Ərəb Ordusunun 1-ci tank diviziyası daxil olmaqla, 10 Suriya təşkilatına qarşı sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bugünkü sanksiyalar rejimə dəstək verən korrupsioner suriyalı bir iş adamını, eyni zamanda lüks daşınmaz əmlak inşaatı yolu ilə Suriya rejimini zənginləşdirən doqquz hüquqi şəxsi əhatə edir. Birləşmiş Ştatlar Əsəd rejimi ilə əlaqəsi olan üç şəxsi, Suriyadakı münaqişənin davam etməsinə cavabdeh olan yüksək rütbəli generalı, həmçinin bu ölkədə atəşkəs rejiminin pozulmasına yol açan Suriya ordusunun 1-ci diviziyasını da qara siyahıya salıb”, - deyə sənəddə qeyd olunur.
Bu tədbirlərin ardınca yeni sanksiyalar tətbiq olunacağı da bildirilir. Sanksiyalar ABŞ Maliyyə Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən birgə tətbiq edilib.
Qeyd edək ki, siyahıda Suriya prezidentinin oğlu, 2001-ci il təvəllüdlü Hafez Əsəd də yer alıb. Suriya Ərəb Ordusunun 1-ci tank diviziyasına və onun komandiri Zuheyr Taufik Əsədə, həmçinin onun oğlu Kərəm Əsədə qarşı da sanksiyalar tətbiq olunub.