ABŞ-da koronavirusun ikiqat mutasiyalı Hindistan variantına rast gəlinib
  • DÜNYA

  • 07:50 06 Aprel 2021

ABŞ-da koronavirusun ikiqat mutasiyalı Hindistan variantına rast gəlinib

ABŞ-ın San-Fransisko körfəzi bölgəsində ilk dəfə olaraq koronavirusun ikiqat mutasiyaya uğrayan Hindistan variantı – “ikiqat mutant” adlandırılan növ – aşkar edilib.

APA xəbər verir ki, bu barədə “San Francisco Chronicle” nəşri yazıb.

Yerli “NBC Bay Area” telekanalının məlumatına görə, söhbət, çox güman ki, koronavirusun bu növünün ABŞ-da ilk qeydə alınmasından gedir.

Nəşr yazır ki, koronavirusun Hindistan variantına yoluxma halı Stenford Klinik Virusologiya Laboratoriyasının mütəxəssisləri tərəfindən təsdiqlənib. Laboratoriyanın rəhbəri Benjamin Pinski bildirib ki, daha yeddi nəfərin virusun bu variantına yoluxmasından şübhələndikləri üçün yoxlamalar aparılır və nəticələr bu həftə məlum olacaq.

Nəşrin yazdığına görə, daha əvvəl Hindistanda aşkar olunan “ikiqat mutant” ikiqat mutasiyaya malikdir, ancaq onun daha yoluxucu olması və ya vaksinlərə qarşı davamlılığı hələ ki dəqiqləşdirilməyib.

San-Fransiskoda Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Piter Çin-Honq narahatlıqla bildirir ki, Hindistanın Maharaştra əyalətində qeydə alınmış koronavirusa yoluxma hallarının 20%-ni təşkil etdiyi üçün bu variant daha yoluxucu ola bilər.

“Bu Hindistan variantı əvvəllər ayrı-ayrılıqda qeydə alınmış variantların eyni virusda cəmləşdiyi ikili mutasiyaya sahibdir”, - Çin-Honq belə deyib.

Cənubi Afrika və Kaliforniya variantlarına qarşı peyvəndləmənin effektivliyi barədə təsdiqlənmiş məlumatları nəzərə alan mütəxəssis bu növə qarşı da peyvəndlərin effektivliyinə “nikbin” yanaşdığını qeyd edib.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR