• DÜNYA

    08:37 9 fevral 2021

ABŞ-da naməlum haker sutəmizləyici stansiyaya müdaxiə edərək suda kimyəvi maddələri artırmaq istəyib

ABŞ-ın Florida ştatının Oldsmar şəhərində haker sutəmizləyici stansiyanın kompüter sistemini sındırıb və bu yolla suda natrium hidroksidin tırkibini təhlükəli həddə qədər artırmağa cəhd edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ərazi üzrə polis rəisi Bob Qualteri mətbuat konfransında bildirib.

“Cümə günü səhər saat 8-də (Bakı vaxtı ilə 17:00) sutəmizləyici stansiyanın operatoru görüb ki, kimsə kənar müdaxilə yolu ilə kompüter sisteminə giriş taparaq, onu idarə edib. Bu kompüter sistemi kimyəvi maddələri, həmçinin stansiyanın əməliyyatlarını idarə edir”, - polis məmuru belə deyib.

Onun sözlərinə görə, birinci insident zamanı heç bir fəsad baş verməyib, ancaq bir neçə saat sonra cinayətkar şəxs kompüter sisteminə yenidən müdaxilə edib.

“Hakerin sındıraraq giriş əldə etdiyi prqoramlardan biri suda natrium hidroksidin miqdarını müəyyən edir. Haker onun tərkibini bir milyonda 100 hissədən bir milyonda 11 min hissəyədək artırıb. Məlum olub ki, bu, çox böyük və potensial təhlükəli artımdır”, - deyə Qualteri əlavə edib.

Bundan sonra haker sistemdən çıxıb və operator dərhal suda maddənin miqdarını lazımi səviyyəyədək azalda bilib. Polisin məlumatına görə, şəhər sakinlərinin həyatı və səhhəti üçün heç bir təhlükə yaranmayıb.

Qualteri onu da bildirib ki, cinayətkarın hansı ölkədən olduğu bilinmir. Məsələ ilə bağlı araşdırma aparılır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR