İraqın mərkəzində "yaşıl bölgə"yə atılan rakentlərdən 3-ü ABŞ-ın Bağdaddakı səfirliyinin ərazisinə düşüb.
APA-nın "Əl-Sumariya" televiziyasına istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarındakı mənbə açıqlama verib.
Atəş nəticəsində bir neçə nəfərin yaralandığını xəbər verən televiziya kanalı bildirib ki, hazırda ABŞ səfirliyinin ərazisində helikopterlərlə insanlar təxliyə edilir.
"Əl-Ərəbiyyə" telekanalı isə təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb ki, səfirliyin ərazisinə düşən üç raketdən biri diplomatik missiyanın restoranına dəyib.
İraqın Baş nazir vəzifəsini icra edən Adel Abd əl-Mehdi açıqlamasında günahkarların tapılıb cəzalandırmağa göstəriş verdiyini deyib.
****
02:20
Bazar günü Bağdadın dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi şəhər mərkəzinə - “yaşıllıq bölgə”yə bir neçə raket atılıb.
APA-nın “Mawazin News” informasiya portalına istinadən verdiyi xəbərə görə bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Məlumata görə, mərmilərdən biri ABŞ səfirliyinin ərazisinə düşüb. Əraziyə düşən raketin diplomatik kompleksin ərazisindəki binaya dəydiyi bildirilir. Qeyd edilib ki, ümumilikdə “yaşıl bölgə”yə ən azı beş raket atılıb.
Dağıntılar, xəsarət alan və yaralananlar barədə əlavə məlumat verilmir.