ABŞ-ın Oahu (Havay) adasında naməlum şəxs Honolulu şəhərinin Vaykiki bölgəsində odlu silahdan atəş açıb.
APA xəbər verir ki, bu barədə “CNN” Federal Təhqiqatlar Bürosunun nümayəndəsi Derek Heysə istinadən xəbər verib.
“Vaykikidə bir silahlının atəş açmasına görə cəlb olunmuşuq. Vəziyyət araşdırılır”, - FTB nümayəndəsi belə deyib.
Bildirilir ki, atışma nəticəsində Havay adalarının (ABŞ) Honolulu şəhərində azı iki polis əməkdaşı öldürülüb. İnsidentə nəyin səbəb olduğu məlum deyil. Bəzi mənbələrin bildirdiyinə görə, şübhəli şəxs yaşadığı evdən qovulub, daha sonra ev sahibini bıçaqlayıb. Hadisə yerinə polislər gələndə isə onlara atəş açıb. Yaralanan polislər çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və orada keçiniblər.
Atışmadan sonra silahlı şəxs evi yandırıb, alov qonşu evlərə də yayılıb, bir neçə maşın da yanıb. Hadisə yerində hazırda yanğınsöndürənlər işləyir.
Rəsmilər şübhəli şəxsin tutulması və ya zərərsizləşdirilməsi barədə məlumat verməyib. Eyni zamanda “CNN” telekanalı Honoluludakı FTB nümayəndəsinə istinadən atıcının hələ də zərərsizləşdirilmədiyini bildirib.
Honolulu polisi öz “Twitter” səhifəsində bildirib ki, bir neçə küçə bağlanıb.