ABŞ Kubanı terrorçuluğa sponsorluq edən ölkələr siyahısına qaytarmağı düşünür.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi prezident administrasiyasının adı açıqlanmayan yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Ağ Ev belə bir addım atması üçün “inandırıcı dəlillər”ə malikdir, yəni Kubanın Venesuela Prezidenti Nikolas Maduroya (ABŞ onun prezidentliyini tanımır) dəstək və Kolumbiyanın sol radikal üsyançı qrupu “Milli Qurtuluş Ordusunun” liderlərinə sığınacaq verdiyi ehtimal olunur.
Mənbə bu ilin sonuna qədər belə bir qərar qəbul ediləcəyini istisna etməyib.
Qeyd edək ki, çərşənbə günü ABŞ Venesuela, İran, Şimali Koreya, Kuba və Suriyanı terrorla mübarizədə Vaşinqtonla kifayət qədər əməkdaşlıq etmədiyi iddia olunan ölkələr siyahısına salıb.
Xatırladaq ki, ABŞ Kubanı ilk dəfə 1982-ci ildə terrorizmə maliyyə dəstəyi verən ölkələr siyahısına salıb və 2015-ci ildə bu siyahıdan çıxarıb. Hazırda həmin siyahıda İran, Şimali Koreya, Suriya və Sudanın adı keçir.