“ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz Boğazındakı birləşmiş ştatların bayrağı altında üzən gəmiləri "İrandan gələn təhdid"dən qoruyacaq”.
APA “Anadolu”ya istinadən xəbər verir ki, bu fikirləri dünən Senatda ABŞ Müdafiə Naziri kimi təsdiqlənən Mark Esper bu gün nazirlikdə media mənsublarının suallarını cavablandırarkən səsləndirib.
İranın Hörmüz boğazında bəzi ölkələrə aid gəmilərin bu yaxınlarda tutulmasından danışan nazir bu səbəbdən ABŞ Hərbi Dəniz Qüvvələri Amerika bayraqlı gəmilərini müşayiət edəcəyini söyləyib: "İngilislər öz gəmilərini müşayiət edir. Risk qiymətləndirməsinə görə, öz gəmilərimizi müşayiət edəcəyik. Düşünürük ki, digər ölkələr də öz gəmilərini qoruyacaqlar".
Lakin Esper əlavə edib ki, bu, o demək deyil ki, hər bir gəmiyə bir döyüş gəmisi ayrılacaq. Sadəcə, ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilər digər ticarət gəmilərini müşayiət edərək onları İranın maneə olacağı ehtimalından müdafiə edəcək.