ABŞ Hərbi Qüvvələrinin Afrika komandanlığı (AFRİKOM) hərbi qüvvələrini Liviyadan çıxarmaq barədə qərar qəbul edib.
ONA-nın məlumatına görə, bu barədə AFRİKOM-un “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.
Məlumata Liviyada təhlükəsizlik şəraitinin pisləşməsi ilə əlaqədar ABŞ Hərbi Qüvvələrinin hissələrinin müvəqqəti bu ölkədən çıxarıldığı bildirilib. Qeyd edilib ki, proseslər yerində izlənəcək və şəraitdən asılı olaraq ABŞ-ın hərbi əməliyyatları yenidən bərpa etməsi dəyərləndiriləcək.
Qeyd edək ki, marşal Xəlifə Haftar cümə axşamı tabeliyindəki hərbi qüvvələrə terrorçuları təmizləmək üçün paytaxt Tripoliyə hücum etmək əmrini verib. Marşala sadiq hərbi qüvvələr müqavimətlə qarşılaşmadan Tripolinin cənub-qərbində bir neçə rayonu, o cümlədən Tripoli Beynəlxalq Aeroportunu ələ keçirib. Tripolidəki Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac orduya güc tətbiq etmək barədə əmr verib.