ONA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Tikan Təpə (Tekab) şəhri, Güney Azərbaycanın qızıl tarixi” adlı məqaləsini təqdim edir.
Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.
Tikan Təpə (Tekab) şəhəri Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiya şəhərindən təxminən 280 km cənub-şərqdə yerləşir. Tikan Təpə şəhəri ilə Zəncan şəhəri arasındakı məsafə təxminən 190 km-dir. Bu coğrafi yaxınlıq ləhcə yaxınlığında özünü bariz göstərir. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, İran inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. 1934-cü ildə Kərəftu, Taxt-ı Süleyman, Əfşar, Ənsar və Saruq qəsəbələri də daxil olmaqla Tikan Təpə şəhəri yaradıldı.
Tikan Təpə bölgəsinin yüksək dağlar arasında yerləşməsi və bölgənin iqliminə təsir edir. Nəticədə Tikan Təpənin qışı soyuq və qarlı, yayı mülayim və quraq keçir. Tikan Təpənin ən yüksək temperaturu iyunun əvvəllərində (36 dərəcəyə çatan), ən soyuq temperatur isə yanvarın sonlarında (-30 dərəcə) olur. Bu ərazidə daimi suyu olan yeganə çay Saruq çayıdır ki, bu da əslində Tikan Təpənin ən uzun çayıdır. Bu çay Urmu gölünə tökülən Cığatı (Zərrinerud) çayının əsas mənbəyini təşkil edir. Mövsümi çaylar arasında Qucur Çayı və Hac Baba çayının adını çəkmək olar.
2017-ci ilin siyahıyaalınmasına əsasən, Tikan Təpə (Tekab) şəhərinin əhalisi 80,556 nəfərdir. Əhalinin böyük əksəriyyəti Azərbaycan türkcəsində danışır. Əksəriyyəti müsəlman və şiə, azlıq isə sünnidir. Bu rayonda yaşayan sünni azlığın bir hissəsi kürdcə danışır.
Tikan Təpə, yoxsa Tekab?!
Tikan Təpə bölgəsindəki Qaradağ, Qaradaş, Böyük Təpə kimi dağlar və Saruq, Qucur kimi çaylar öz adlarını qoruya bilsələr də, şəhər öz adını qoruya bilməyib. Belə ki, sakinlərinin əksəriyyətinin əfşar türkləri olan şəhərin adı 1937-ci ildə dəyişdirilərək farsca Tekab adlandırılıb. Yeri gəlmişkən, qeyd edək ki, böyük sərkərdə Nadir şah Əfşar da əfşar türklərindəndir.
(Tikan Təpə adının Tekab olaraq dəyişdirilməsi haqqında 1937-ci tarixli bir sənəd. Sənəddə ayrıca türk-moğol mədəniyyətini xatırladan Tatau çayının adının da fars sözü olan Siminrud adına dəyişdirilməsindən də söhbət gedir)
Uzun tarixdə Tikan Təpə şəhəri
Azərbaycanın bir çox bölgəsi kimi, Tikan Təpə də çox qədim tarixə malikdir. Bu bölgə eramızdan əvvəl IX əsrin ikinci yarısından etibarən Assuriya salnamələrində Zamua adlanıb və həmişə assurların hücumuna məruz qalıb. Bu ərazi qədim lullubi və kuti tayfalarının məskəni olub və sonralar Manna hökumətinin tərkib hissəsində yerləşib. Eramızdan əvvəl VII əsrdən Midiya dövlətinin yaranması ilə bu bölgə Midiya dövlətinin mühüm iqtisadi mərkəzlərindən biri hesab olunurdu. Bəzi tarixçilərin iddiasına görə, bu bölgədə Midiya dövrünə aid qalıqlar arasında əl ilə oyulmuş daş tikililərin olduğu Kərəftu mağarası var. Belə binalar ümumiyyətlə Urartu mədəniyyətini xatırladır. Mağara tipində oyulmuş bu daş tikilinin hansı mədəniyyətə bağlı olması ilə bağlı dərin elmi araşdırmalara ehtiyac var.
Arxeoloji qazıntılar da göstərir ki, Tikan Təpə bölgəsi Arsaqlar və Sasanilər dövrlərində parlaq sivilizasiyaların mərkəzi olub. Onun təzahürləri Kərəftu mağarasının daş tikililəri ilə yanaşı, Bülqeyis dağının Sasani əsərlərində də qeyd edilə bilər. Hicri 22-ci ildə Ömərin xilafəti dövründə bu bölgə müsəlman ərəblərin əlinə keçib. Tikan Təpə bölgəsində yerləşən qədim tarixi abidələr bu bölgənin qədim tarixinə yetərincə aydınlıq gətirə biləcəyi üçün burada bu məsələ üzərində durmağa gərək görmürük.
Tikan Təpə şəhərinin gəzməli-görməli yerləri
Azərbaycan hər bölgəsi özünə məxsus gözəlliklərə malikdir. Bir tərəfdən Azərbaycanın gözəl təbii görməli yerləri, digər tərəfdən isə tarixi və qədim abidələri bu diyara dünyanın hər yerindən saysız-hesabsız insanı özünə cəlb etmək üçün unikal imkan yaradıb. Tikan Təpə bölgəsi də özünəməxsus gözəllikləri ilə dünyanın hər tərəfindən Azərbaycana turist cəlb etmək potensialına malikdir. Bu bölgədə olan təbii və tarixi gözəlliklərin sayı və keyfiyyəti o qədər yuxarı səviyyədədir ki, hamısını bu qısa yazıda anlatmaq mümkün görünmür. Ancaq burada çox əhəmiyyətli yerlərin bir neçəsini tanıtdıracağıq.
Hz. Süleyman Taxtı
Çox qədim tarixə malik olan Taxt-ı Süleyman kompleksi UNESCO tərəfindən dünya irsi kimi tanınıb.
Burada eramızdan əvvəlki dövrə, o cümlədən Arsaqlar (eramızdan əvvəl 247-ci ildən eramızın 224-cü ilə qədər) və Sasanilər (224-651-ci illər) dövrlərinə aid əsərlər və tikililər, həmçinin moğol İlxanilər dövrünə aid əsərlər aşkar edilib. Qalan ən mühüm əsərlər Sasanilər dövrünə aid ocaq (Atəşgah) və salonlarıdır. Taxt-ı Süleyman kəndi yaxınlığındakı Bilqeyis dağında və Süleyman zindanında da Sasani dövrünə aid bəzi əsərlər var. Bu tarixi yer İlxanilər dövründə və Hicri VII əsrdə Ağa xanın hakimiyyəti dövründə yay istirahət yeri kimi istifadə olunub. Bu moğol hökmdarı Şura zalı, şərq eyvanı, 8 və 12 bucaqlı binalar kimi müxtəlif tikililər tikdirərək, Taxt-ı Süleymanın tarixi kompleksinə bir daha yeni həyat verib.
Kompleksin mərkəzində buranın döyünən ürəyi olan göl var. Taxt-ı Süleyman gölü yerin altındakı əhəngli bulağın suyundan törəyib. Bu göl həmişə geoloji, arxeoloji, mifoloji və dini mövzularda araşdırmalar edən mütəxəssislər tərəfindən tədqiq edilib, bu barədə çoxlu fərziyyələr irəli sürülüb. Taxt-ı Süleymanın tikintisi və istismarı tamamilə bu bulağın mövcudluğundan asılı olub, onun təsirini bu kompleksdə aydın görmək olar.
Gölün suyunun əhəngli olduğundan dərinliyinə dalmaq çətindir. Buna görə də göllə bağlı tarix boyu bir çox rəvayətlər yayılıb. Məsələn, nəinki sadə xalqın deyimlərində, hətta bəzi tarixi kitablarda belə, düşmənlərin əlinə keçməsin deyə xəzinəsini bu gölün dibinə tökən padşahlardan bəhs edilir! Hətta bəziləri gölün dibində Süleyman peyğəmbərin üzüyünün olduğuna inanırlar. İnanc və ənənələrə görə, Həzrəti Süleyman bu kompleksi fövqəltəbii güclər vasitəsilə inşa edib. Süleyman peyğəmbərin gücü də üzüyündə imiş. Rəvayətə görə, şeytan da onun qılığına girib üzüyü alır və gölə atır, bundan sonra Həzrəti Süleymanın taxtına oturur.
Bilqeyis Taxtı
3200 metr və 3655 metr olan iki yüksək zirvəsi ilə Bilqeyis dağı Taxtı-Süleymandan səkkiz kilometr şimal-şərqdə, Urmiya (Urmu) gölünün şərqindəki dağlar silsiləsinin davamında yerləşir. İki dağ zirvəsi arasında ilin əksər aylarında dağlarda qarın əriməsi nəticəsində əmələ gələn çox gözəl bir göl görmək olar. Süleyman peyğəmbərin və Səba məlikəsi Bilqeyis xanımın hekayətini eşitmisinizsə, bu yerin adı sizə qəribə gəlməyəcək. Taxtı-Bilqeyis qalasının binası tamamilə dairəvi və daşdan tikilmədir. Ona görə də bu binanın gözətçi qülləsi kimi istifadə edildiyini ehtimal etmək olar.
Möhkəm təxminən 50x60 metrlik məkanı əhatə edir. Hasarın içərisindəki kvadrat formalı bina və qarşısındakı eyvan oxu Taxtı-Süleyman istiqamətindədir. Binanın qabaq tərəfində qübbəli dam örtüyü, sığınacaq kimi otaqları olan çoxmərtəbəli terras var.
Hz. Süleyman zindanı
Zindani-Süleyman (Süleyman həbsxanası) Taxtı-Süleymandan üç kilometr qərbdə yerləşən, ortası boş olan konusvari təpənin adıdır. Bu təpənin hündürlüyü 97 metrdən 107 metrə qədərdir və onun üstündə diametri təqribən 65 metr, dərinliyi 80 metr çuxur var. Süleyman həbsxanasının ətrafındakı tikili qalıqları buranın keçmişdəki əhəmiyyətini göstərir. Görünür, bu yer və xüsusən də ətrafdakı tikililər İslamdan əvvəlki dövrdə ibadət yeri kimi istifadə olunub.
Yerli əhali bu dağı Süleyman həbsxanası və ya Dev (div) zindanı kimi tanıyır və onun əmrinə tabe olmayan divləri Həzrəti Süleymanın bu dağda həbs etdiyinə inanırlar.
Bu gün İranda ən böyük qızıl mədəni olan Zəreşuran qızıl mədəni Tikan Təpə şəhərindən 35 km, Taxtı-Süleyman kompleksindən isə 15 km məsafədə yerləşir. Yekun tədqiqatlara əsasən, Zərəşuran qızıl mədənin 4 milyon ton qızıl filizinin olması təxmin edilir. Mədən sahəsinə ən yaxın kənd, bütün sakinləri Azərbaycan türkləri olan Zərəşuran kəndidir. Halbuki bu zəngin mədəndən yerli əhalinin və Güney Azərbaycanın payı ətraf mühitin çirklənməsindən başqa bir şey deyil.
Son söz
Bütün mövcud problemlərə baxmayaraq, bu gözəl və tarixi şəhərimizdə Azərbaycan mədəniyyəti, dili, tarixi, adət-ənənələri hələ də yaşayır və yaşayacaqdır!
Məhəmməd Rəhmanifər