ABŞ prezidentinin köməkçiləri narahatdır ki, Donald Tramp Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüş zamanı təzyiq altında ciddi güzəştlərə gedə bilər.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı “The Washington Post” nəşri Ağ Evdəki mənbələrindən əldə edib.
Köməkçilərin fikrincə, ABŞ prezidenti qarşılıqlı öhdəliklərə dair sazişlərə nail olmaqdan ötrü güzəştlərə gedə bilər. Bu halda isə bunu öz siyasi qələbəsi kimi qələmə verəcək.
Məlumata əsasən, Tramp ümid edir ki, onun Kim Çen Inla görüşü KİV-in diqqət mərkəzində olacaq və ictimaiyyətin diqqətini ABŞ-dakı siyasi problemlərdən yayındıracaq.
Mənbələr iddia edir ki, D.Tramp həmçinin Koreya müharibəsinə formal olaraq son qoya biləcək sülh müqaviləsini dəstəkləyə bilər.
Qeyd edək ki, ABŞ və KXDR hələ də Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesində ortaq fikrə gələ bilməyib.