Rəsmi Tehran öz siyasətini dəyişməyincə, İrana qarşı maksimal təzyiq kampaniyası davam edəcək. ABŞ İran hakimiyyətinə nüvə silahını inkişaf etdirməyə imkan verməyəcək.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Stefani Qrişemin yaydığı yazılı açıqlamada deyilir. Açıqlama İranın nüvə proqramı üzrə Birgə Fəaliyyət Planına zidd olaraq bu ölkə tərəfindən zənginləşdirilmiş uran ehtiyatının 300 kq limiti keçməsi ilə əlaqələndirilir.
“Birləşmiş Ştatlar və onun müttəfiqləri İrana nüvə silahı yaratmağa heç vaxt imkan verməyəcək. Bu ölkənin liderləri öz siyasi kurslarını dəyişmədiyi müddətdə İran rejiminə qarşı maksimal təzyiq davam etdiriləcək. Rejim özünün nüvə ambisiyalarına və bədniyyətli davranışlarına son qoymalıdır”, - deyə Qrişem qeyd edib.