Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stano Gürcüstanı sanksiyalarla hədələyib.
ONA-nın “Netgazeti” portalına istinadən verdiyi xəbərə görə, Peter Stano deyib ki, Gürcüstan Rusiyaya münasibətdə Avropa İttifaqının aviaəlaqələrlə bağlı tətbiq etdiyi sanksiyalara riayət etməlidir
Peter Stano bildirib ki, Avropa İttifaqının sanksiya rejimi anti-Rusiya məhdudiyyətlərindən yan keçməyə görə sanksiyaları da nəzərdə tutur: “Avropa İttifaqı Gürcüstan və Rusiya arasında birbaşa aviaəlaqələrin mümkün bərpası barədə aparılan müzakirələrdən xəbərdardır".
Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik əlaqələr 2008-ci il avqustun 26-da Moskvanın qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə dayanıb. Ölkələr arasında qarşılıqlı əlaqə Cenevrə müzakirələri vasitəsilə həyata keçirilir. Rusiya isə 2019-cu ildə Tbilisidə rusiyalı deputatların səfərinə qarşı aksiyalarla bağlı Gürcüstanla aviaəlaqələri dayandırıb.