İraqda qanuni silahlı birləşmə kimi tanınan “Əl-Həşd aş-Şaabi” könüllü şiə qruplaşmasının tərəfdarları ABŞ-ın Bağdaddakı səfirliyinin binasını tərk edib.
ONA-nın xəbərinə görə, bu barədə İraqın “Alsumaria” telekanalı məlumat yayıb.
Qeyd edək ki, bu gün “Əl-Həşd aş-Şaabi” tərəfdarlarını İraq hökumətinin çağırışına hörmətlə yanaşaraq və dövlət qurumlarının qorunması naminə ABŞ səfirliyi qarşısından geri çəkilməyə çağırıb.
Xatırladaq ki, ABŞ Kərkük yaxınlığındakı bazasına raket zərbəsi nəticəsində bir amerikalı hərbçinin ölməsinə cavab olaraq dekabrın 29-da "Hizbullah"ın İraqdakı qolu olan "Xətaib Hizbullah" qruplaşmasının Əl-Kaim şəhəri yaxınlığındakı bazasını bombalayıb. Qırıcı təyyarələrdən endirilən zərbə nəticəsində İraqda qanuni silahlı birləşmə kimi tanınan “Əl-Həşd aş-Şaabi” könüllü şiə qruplaşmasının tərkibində yer alan "Xətaib Hizbullah"ın ən azı 25 döyüşçüsü öldürülüb, 55 nəfər yaralanıb. Ölənlərin arasında qruplaşmanın dörd komandiri də var.
Dünən ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Aksiyanın gedişində səfirlik boşaldılıb. “Əl-Həşd aş-Şaabi” könüllü şiə qruplaşmasının yüzlərlə tərəfdarı ABŞ səfirliyinin ərazisinə daxil olub, səfirliyin əsas giriş qapısını və səfirliyi əhatə edən divarları yandırıblar. Səfirliyin mühafizə xidmətinin əməkdaşları və polis aksiyaçılara qarşı gözyaşardıcı qaz tətbiq edib, havaya atəş açıblar. Nəticədə 20 nəfər xəsarət alıb.
Dünən ABŞ Prezidenti Donald Tramp İraq səfirliyinə hücuma görə İranı ittiham edib. Bu gün isə D. Tramp İranla silahlı münaqişə istəmədiyini bəyan edib.