“Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski nə Donbasda sülh yarada, nə də Ukrayna iqtisadiyyatı üçün heç bir şey edə bilməyəcək, bu, sadəcə, həqiqətdir”.
ONA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Ali Radanın deputatı Vadim Rabinoviç "112 Ukrayna" kanalına açıqlamasında deyib.
"Ortaya qoyduğu mövqe, davranışı və səsləndirdiyi fikirlər artıq göstərdi ki, o, sülh və iqtisadiyyatla bağlı heç bir şey edə bilməz – bu, kədərli olsa da, faktdır", – deyə millət vəkili vurğulayıb.
Parlamentari həmçinin qeyd edib ki, Zelenskinin yeganə nailiyyəti - "tarixi rolu" prezident seçkilərində Petro Poroşenko üzərində qələbə qazanmağı idi.
Deputat əlavə edib ki, ukraynalılar Radaya keçiriləcək seçkilərdə yalnız “praqmatik və başbilən” insanlara səs verməklə ölkədə sülhə nail ola bilərlər – o zaman normal iqtisadiyyatdan danışmaq olar.