Almaniya Bundestaqının sədr müavini Volfqanq Kubikki ABŞ-ın bu ölkədəki səfiri Riçard Qreneli sərt tənqid edib.
ONA xəbər verir ki, V.Kubikki AFP-yə müsahibəsində səfiri "arzuolunmaz şəxs" elan etməyi tələb edib: “Amerika diplomatı ola-ola özünü işğalçı hakimiyyətin ali komissarı kimi aparan şəxs anlamalıdır ki, bizim tolerantlığımızın həddi var”.
V.Kubikkinin sözlərinə görə, Almaniya R.Qrenelin ölkənin siyasətinə müdaxilə etmə cəhdlərinə dözməməlidir.
Qeyd edək ki, bu ilin yanvarında R.Qrenel alman şirkətlərinə məktub göndərərək bildirib ki, “Şimal axını 2” qaz kəmərinin tikintisini dəstəkləyəcəkləri halda rəsmi Vaşinqton onlara qarşı məhdudlaşdırıcı tədbirlər görə bilər.
Bundan əvvəl o, Almaniya hökumətini müdafiə xərclərini azaltmaq istədiyi üçün dəfələrlə tənqid edib.