Böyük ehtimalla, Rusiya hətta əlavə qüvvələr cəlb etməklə də Ukrayna Ordusunun Xarkov istiqamətində əks-hücumunun qarşısını almağı bacarmır.
ONA-nın “unian.net”-ə istinadən verdiyi məlumata görə, bu, Amerika Müharibə Araşdırma İnstitutunun tədqiqatında əksini tapıb.
Qeyd edilib ki, Ukrayna Ordusu yaxın günlərdə, yaxud həftələrdə Rusiya sərhədinə, Belqorod vilayətinə doğru irəliləyəcək. İnstitut nəzərə çatdırıb ki, Rusiya Ordusunun İzumdan Barvenkovo istiqamətində hücumunun qarşısı alınır, ruslar Slavyansk istiqamətində də hücum cəhdlərini dayandırıb. Ukrayna Ordusunun İzumdan qərbə – Zavod kəndi və Böyük Kamışevaxaya hücumları da dəf etdiyi görünür. Bu da Ukraynanın əks-hücumda məqsədinin Rusiya Ordusunu Xarkovdan Rusiya sərhədinə doğru sıxışdırmaq olduğunu təsdiqləyir. Eyni zamanda Ukrayna Ordusu Rusiya Ordusunun digər istiqamətlərdən qüvvələrini çıxararaq Xarkov istiqamətində cəmləməsinə nail olur.