• DÜNYA

    15:21 17 aprel 2019

Ankarada Çavuşoğlu və Zərif arasında görüş keçirilib

Ankarada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

ONA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, görüşdə əvvəlcə ikitərəfli münasibətlər müzakirə olunub.

M.Çavuşoğlu 2018-ci ildə iki ölkənin ticarət dövriyyəsinin həcmində azalma olduğunu bildirib: “Ticarətimizi yenidən artırmalıyıq. Bankçılıq sektorundan başlayaraq bir çox sahələrdə iqtisadi əməkdaşlığımızı dərinləşdirmək barədə liderlərimizin verdiyi qərarlar var. Bunları da nəzərə almalıyıq”.

Terrorla mübarizə, sərhəd nəzarəti və qanunsuz miqrantlarla bağlı iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx əməkdaşlığın olduğunu vurğulayan Çavuşoğlu XİN başçıları olaraq bu əməkdaşlıqları dəstəklədiklərini vurğulayıb. O, İrana qarşı sanksiyaların əleyhinə olduqlarını və bu mövqelərini zaman-zaman ABŞ başda olmaqla tərəfdaşlarına çatdırdıqlarını bildirib: “Sanksiyalar qardaş İran xalqına zərər verir. Xalqın cəzalandırılmasına razı deyilik. Bu cür addımlar regionda sabitliyi, sülhü, firavanlığı və iqtisadi inkişafı da risk altına alır. Türkiyə isə regionda sabitliyi, sülhü, firavanlığı və iqtisadi inkişafı dəstəkləyir”.

Türkiyənin XİN başçısı Suriyada siyasi çözüm məqsədilə Rusiya və İranla əməkdaşlıq qərarı verdiklərini qeyd edib: “Halbuki Suriya münaqişəsinin əvvəlində bir çox məsələlərdə İranla eyni fikirdə deyildik”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR