ABŞ-ın Atlanta şəhərində cümə günü afroamerikalı Reyşard Bruksun saxlanılması zamanı atəş açaraq onun ölümünə səbəb olan polis əməkdaşı işdən azad edilib.
ONA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, R. Bruksun saxlanılması əməliyyatında iştirak edən ikinci polis əməkdaşı isə operativ işdən kənarlaşdırılıb.
Qeyd edək ki, cümə günü axşam saatlarında Corciya ştatının Atlanta şəhərində polis əməkdaşları “Wendy's” restoranı yaxınlığında sərxoş vəziyyətdə avtomobildə olan R. Bruksu saxlamağa cəhd ediblər. R. Bruks polisə müqavimət göstərib, polis ona qarşı elektroşok tətbiq etmək istəyən zaman isə aparatı ələ keçirib. Daha sonra afroamerikalı polisə qarşı elektroşok tətbiq etmək istəyib. Bu zaman polis əməkdaşlarından biri R. Bruksa bir neçə dəfə atəş açıb. Xəstəxanaya yerləşdirilən R. Bruks həyatını itirib.
Baş verən olayla bağlı Atlanta şəhər polis idarəsinin rəisi Grik Şilds istefa verib. Şənbə günü Atlantada polisə etirazla bağlı aksiyalar başlayıb.