Tramp administrasiyasının ABŞ vətəndaşlarının Kubada xarici investorlara qarşı iddia açmaq qadağasını aradan qaldırdıqdan sonra Avropa İttifaqı ABŞ-ı Dünya Ticarət Təşkilatına şikayət edə və ya Kubada olan Avropa şirkətlərini qorumaq üçün cavab sanksiyaları tətbiq edə bilər.
ONA-nın xəbərinə görə, bu barədə Aİ-nin Ali Nümayəndəsi Federika Mogerini deyib.
"Avropa İttifaqı birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin beynəlxalq hüquqa zidd olduğunu hesab edir və bununla bağlı bütün lazımi tədbirlər görüləcək" - deyə Mogerini bildirib.
Mogerini atılacaq cavab addımları sırasında Dünya Ticarət Təşkilatının məsələyə müdaxiləsini və ya “Tənzimləmə Qadağası” qanuni aktına müraciət ediləcəyini qeyd edib. Bu məsələdə o, Aİ-nin digər ölkələrdən də dəstək alacağını söyləyib.
Xatırladaq ki, Trump administrasiyası keçən ay 1959-cu ildən bəri Kuba kommunist hökuməti tərəfindən ələ keçirilən əmlakları istifadə edən xarici şirkətlərə qarşı ABŞ vətəndaşlarının iddia qaldırmaq qadağasının qüvvədən düşdüyünü təsdiqləyən qərar qəbul edib.