Avropa İttifaqı (Aİ) Malidə baş vermiş hərbi çevrilişi qınayıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Şarl Mişelin açıqlamasında deyilir.
“Aİ Malidəki vəziyyəti diqqətlə izləyir. Nə qədər dərin olsa da, hərbi çevriliş böhranın həlli ola bilməz. Aİ Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin böhrandan çıxış üçün gördüyü işləri tam dəstəkləyir”, - deyə Ş.Mişel bildirib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel isə qeyd edib ki, Aİ konstitusiyaya zidd şəkildə istənilən hakimiyyət dəyişikliyini qəbul etmir.
“Avropa Birliyi Malidə davam edən dövlət çevrilişi cəhdini pisləyir və hökumətin konstitusiyaya zidd şəkildə dəyişdirilməsi cəhdini rədd edir. Bu, son illər Malidə mövcud olan dərin ictimai-siyasi böhrana heç bir halda cavab ola bilməz. Aİ Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi, Afrika Birliyi və BMT də daxil olmaqla beynəlxalq tərəfdaşlarla birgə dialoqa çağırır”, - Borrel belə deyib. Onun sözlərinə görə, “beynəlxalq hüququn və insan haqlarının konstitusiya prinsipləri çərçivəsində böhranın həlli təkcə Malidə deyil, bütün regionda sabitləşməyə gətirib çıxaracaq”.
Qeyd edək ki, avqustun 18-i səhər saatlarında Malinin paytaxtı Bamakodakı Kati hərbi bazasında hərbi qiyam baş verib. “Malijet” xəbər portalının verdiyi məlumata görə, qiyamçılara Kati bazasındakı hərbi məktəbin keçmiş direktoru polkovnik Sadio Kamara rəhbərlik edir.
Qiyamçıların liderlərindən biri “France Presse” agentliyinə verdiyi açıqlamasında ölkə prezidenti İbrahim Bubakar Keyta və baş nazir Bubu Sissenin tutulduğunu bildirib. Bundan başqa, gün ərzində hərbçilər ölkənin XİN rəhbəri, Maliyyə naziri və hökumətin bir sıra nazirlərini, parlamentin spikerini həbs ediblər. “Wakat Sera” portalının məlumatına görə, Mali Silahlı Qüvvələrinin Baş Qərargahı da üsyançıların nəzarəti altındadır, bir sıra hərbi rəislər isə saxlanılıb.