• DÜNYA

    10:49 7 may 2019

Aİ və AŞ İstanbulda seçkilərin yenidən keçirilməsi qərarına münasibət bildirib

Avropa İttifaqı və Avropa Şurasının rəsmiləri Türkiyənin Ali Seçki Qurumunun (YSK) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı qərarına münasibət bildiriblər.

ONA-nın məlumatına görə, Avropa Şurasının baş katibi Torbyorn Yaqland azad və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şəraitin səsvermə günündən öncə təmin olunmasının vacibliyinə diqqət çəkib. O bildirib ki, bu qərar seçicilərin seçkiyə inamını zədələyə bilər.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Genişləndirmə və Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han birgə yaydıqları bəyanatda bildiriblər ki, istənilən demokratik ölkə üçün əsas şərt hesab olunan azad, ədalətli və şəffaf seçkinin keçirilməsi Aİ-Türkiyə münasibətlərində əsas yer tutur.

Aİ-nin rəsmiləri bəyan ediblər ki, YSK-nın İstanbul Təşkilatının vəzifəsini müstəqil və şəffaf şəkildə yerinə yetirməsi üçün şərait yaradılmalı və seçki prosesi beynəlxalq seçki norma və standartlarına uyğun keçirilməlidir.

Mogerini və Han YSK-nın bu qərarının demokratik seçkinin ali məqsədinə və xalqın iradəsinə zidd olduğunu vurğulayıblar.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

AKP seçkinin nəticəsinin ləğv ilə bağlı fövqəladə hüququndan istifadə edəcəyini açıqlayıb. Daha sonra İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib.

Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR