"İngiltərənin baş naziri Tereza Meyin istefası Avropa İttifaqının “Brexit”-lə bağlı şərtlərini dəyişdirməyəcək".
ONA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının sözçüsü Mina Andreyeva deyib.
"Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bu səhər təəssüflə baş nazir T. Meyin açıqlamasını izlədi. Prezident Yunker baş nazirlə bu günədək olan əməkdaşlığı yüksək qiymətləndirir. O, Meyi əvəz edəcək yeni baş nazirlə hörmət və əməkdaşlığa əsaslanan əlaqələr quracaq. “Brexit” sazişi ilə bağlı mövqeyimizdə isə heç bir dəyişiklik yoxdur ",- deyə M. Andreyeva bildirib.
Qeyd edək ki, bu gün Tereza Mey iyunun 7-də Mühafizəkarlar partiyasının sədrliyindən gedəcəyini açıqlayıb. Bu o deməkdir ki, T. Mey həm də baş nazir postunu tərk etməlidir. Bununla belə, o, partiyaya yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalacaq. Yeni liderin seçimi rəsmi olaraq iyunun 7-dən başlayacaq, proses altı həftəyədək çəkə bilər.