Portuqaliya, İspaniya və Fransada qasırğa qurbanlarının sayı 8 nəfərə çatıb.
ONA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, çərşənbə günü bu ölkələri “Elza” qasırğası vurub, şənbə günü isə “Elza”nı “Fabiyen” əvəzləyib.
“Fabiyen” sürəti saatda 170 km-ə çatan küləklə müşahidə olunub. İspaniyanın Qalisiya regionunda minlərlə ev elektrik enerjisindən məhrum olub. Bir çox aeroportda uçuşlar ləğv edilib. Portuqaliyada dəmir yolunun su altında qalması səbəbindən Lissabon və Porto arasında qatarların hərəkəti dayanıb. Fransanın Bordo, Tuluza və Anday şəhərlərində dəmir yolu vağzalları bağlıdır.
Leysan yağışla müşahidə olunan qasırğa Böyük Britaniyada çayların məcrasından çıxmasına yol açıb. Çertsi şəhərində güclü külək çoxsaylı ev və avtomobillərə ziyan vurub.
İtaliya isə qasırğanın səbəb olduğu subasmadan əziyyət çəkir. Şənbə günü Venesiyada suyun səviyyəsi 120 sm-ə qalxıb, şəhərin 30 faizi su altında qalıb.