Bu gün 34 Azərbaycan vətəndaşı Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarəsi ilə Moskvanın A.S. Puşkin adına Şeremetyovo beynəlxalq hava limanından Bakıya yola salınıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bu, Səfirliyin və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olub: “Həmçinin bildiririk ki, yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın Vətənə yola salınması məsələsi Səfirliyin ciddi nəzarəti altındadır. Burada Səfirlik “AZAL” aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir. Azərbaycana getmək istəyən soydaşlarımızdan Səfirliyin “qaynar xətlərinə” (+7977 442 2954, +7977 442 2964) və ya “AZAL”ın Moskvadakı nümayəndəliyinə (+7499 243 3302, +7499 243 3307, +7495 660 1777) zəng etmələrini xahiş edirik. Ölkəmizə qayıtmaq istəyən soydaşlarımızı “AZAL” aviaşirkətinin xidmətlərindən yararlanmağa çağırırıq. Bu gərgin vəziyyətdə Səfirliyin digər aviaşirkətlərlə əməkdaşlıq imkanları olduqca məhduddur".