Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücumu pisləyib.
APA-nın xəbərinə görə bu barədə Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunub.
"Səudiyyə Ərəbistanındakı neft zavodlarına, mülki və önəmli infrastrukturu hədəf alan və bölgədəki təhlükəsizliyi təhdid edən pilotsuz təyyarələrin hücumundan çox narahatıq. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini pisləyir" - XİN-in məlumatında qeyd olunub.
Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin hasilatının 50 faizinə bərabərdir.
Bu gün isə Yəməndəki Husi qiyamçı hərəkatının sözçüsü Səudiyyə Ərəbistanının neft emalı zavodlarına yenidən hücum ediləcəyi barədə xəbərdarlıq edib.