Novruz bayramından sonra İranda ərzaq məhsullarının qiymətinin artması prosesi davam edir.
ONA-nın Tehran bürosunun məlumatına görə, son günlər soğanın bahalaşmasının ardınca, pomidorun da qiyməti 2 dəfə artıb.
Tehran Meyvə və Tərəvəz Satıcıları Assosiasiyasının direktoru Həsən Sabiri Herəndi bildirib ki, bahalaşmaya səbəb pomidora tətbiq olunan ixrac qadağasının aprelin 4-dən ləğv edilməsidir. Onun sözlərinə görə, meyvə-tərəvəz bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min riala (təxminən 1,19 dollar) çatıb. Pomidora tətbiq olunan ixrac qadağasının ləğvindən öncə isə bu məhsulun qiyməti 20 min rial (təxminən 0,47 dollar) idi.
Herəndi əlavə edib ki, soğanın ixracına tətbiq olunan qadağa bu məhsulun 40% ucuzlaşmasına gətirib çıxarıb.
Qeyd edək ki, son vaxtlar İranda bir sıra kənd təsərrüfatı məhsullarının, o cümlədən çuğundur, kahı, pomidor və soğanın qiyməti bahalaşıb. İran rəsmiləri bahalaşmaya səbəb kimi bu məhsulların ixrac edilməsini göstərir. Bundan öncə İranda ət və toyuğun da qiyməti bahalaşmışdı.
Kənd təsərrüfatı məhsullarının bahalaşması elə bir zamanda baş verir ki, son bir ay ərzində sel və daşqınlar İranın kənd təsərrüfatına və maldarlığa külli miqdarda ziyan vurub.
Xatırladaq ki, İrandan öncə Azərbaycana qonşu olan daha bir ölkədə - Türkiyədə kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşıb. Nəticədə Azərbaycanda soğanın qiymətində iki dəfəyə yaxın artım qeydə alınıb.
Süleyman Fərzəliyev