• DÜNYA

    17:36 31 dekabr 2019

Bağdadda aksiyaçılar ABŞ səfirliyinin bağlanılmasını və qoşunlarının İraqdan çıxarılmasını tələb edir

Bağdadda ABŞ səfirliyi yaxınlığında aksiya keçirilir.

ONA-nın “Al Mayadeen” telekanalına istinadən verdiyi məlumata görə, aksiyaçılar səfirliyin bağlanılmasını və İraqdakı ABŞ qoşunlarının çıxarılmasını tələb edirlər.

Telekanalın məlumatına görə, İraqda qanuni silahlı birləşmə kimi tanınan “Əl-Həşd aş-Şaabi” könüllü şiə qruplaşmasının yüzlərlə tərəfdarının ABŞ səfirliyinin ərazisinə daxil olub, səfirliyin əsas giriş qapısını və səfirliyi əhatə edən divarları yandırıblar. Səfirliyin mühafizə xidmətinin əməkdaşları və polis aksiyaçılara qarşı gözyaşardıcı qaz tətbiq edib, havaya atəş açıblar. Nəticədə 20 nəfər xəsarət alıb. Ancaq “Əl-Həşd aş-Şaabi” tərəfdarları ərazini tərk etmək istəmir, çadır şəhərciyi qururlar. Aksiyaçılar anti-ABŞ və anti-İsrail şüarları səsləndirirlər. “Əl-Həşd aş-Şaabi” komandiri Faleh əl-Yayyada deyib ki, İraq parlamenti ABŞ diplomatlarının ölkədən çıxarılması və ABŞ-ın İraqakı hərbi mövcudluğuna son qoyulması barədə qərar qəbul edənə qədər aksiyalar davam edəcək.

Qeyd edək ki, ABŞ Kərkük yaxınlığındakı bazasına raket zərbəsi nəticəsində bir amerikalı hərbçinin ölməsinə cavab olaraq dekabrın 29-da "Hizbullah"ın İraqdakı qolu olan "Xətaib Hizbullah" qruplaşmasının bazalarını bombalayıb. Qırıcı təyyarələrdən endirilən zərbə nəticəsində “Əl-Həşd aş-Şaabi”yə daxil olan "Xətaib Hizbullah"ın ən azı 25 döyüşçüsü öldürülüb, 55 nəfər yaralanıb. Ölənlərin arasında qruplaşmanın dörd komandiri də var. 2003-cü ildə yaradılan "Xətaib Hizbullah"ın 3 mindən çox döyüşçüsü var.

Bu gün ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Aksiyaya yüzlərlə iraqlı qatılıb. Aksiya iştirakçıları dekabrın 29-da ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildiriblər. Aksiyanın gedişində səfirlik boşaldılıb və aksiyaçılar səfirliyinin binasına daxil olublar.

ABŞ Prezidenti Donald Tramp İraq səfirliyinə hücuma görə İranı ittiham edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR