Türkiyəli iş adamı, “Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın Eskişehir vilayətindəki evinə basqınla bağlı daha 7 nəfər saxlanılıb.
ONA yerli mətbuata istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Bolqarıstandan Rumıniyaya keçmək istəyən 7 nəfər sərhəddə tutulub. Onların 4-ü qadın, 3-ü kişidir.
Hazırda həmin şəxslərin Türkiyəyə ekstradisiya olunması istiqamətində danışıqlar aparılır.
Qeyd edək ki, Cəmaləddin Sararın evinə basqın edən 3 maskalı şəxs iş adamının və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq, onlara fiziki təzyiq göstərib.
Dəstə üzvləri mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürərək, qaçıblar.
İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib. Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.
Hadisədən bir neçə saat sonra evdə qulluqçu olan Moldova vətəndaşı, 34 yaşlı İlua D. tutulub.
Qeyd edək ki, “Sarar”ın Bakıda da mağazası var.