Demokratların liderlərindən olan, ABŞ-ın keçmiş vitse-prezidenti Jozef Bayden Vaşinqtonun Əfqanıstanda ABŞ qoşunlarının iştirakı olmadan da anti-terror əməliyyatları apara biləcəyinə inandığını açıqlayıb.
APA TASS-a istinadla xəbər verir ki, Bayden cümə axşamı Texas ştatının Hyuston şəhərində ABC-də yayımlanan televiziya debatında bununla bağlı bəyanatlar səsləndirib.
Onun sözlərinə görə, ABŞ Əfqanıstandakı ekstremistlərdən hava hücumu edərək də özünü qoruya bilər. ABŞ prezidentliyinə namizədin fikrincə, Vaşinqton ABŞ-ın aviasiyasına "Pakistanın bazalar verməsini tələb etməlidir".
"Oradakı qoşunlarımıza ehtiyacımız yoxdur. Mən onları evə gətirəcəyəm", - deyən ABŞ-ın keçmiş vitse-prezidenti bunu hansı müddətdə edəcəyini açıqlamayıb.
Qeyd edək ki, artıq J.Bayden Demokratlardan prezidentliyə namizəd olmaq üçün müraciət edən siyasətçilər arasında lider sayılır. Aparılan sorğuların nəticələrinə görə, keçmiş vitse-prezidentin reytinqi son günlərdə təxminən 22 % -dən 33 % -ə qədər artıb.