Suriya prezidenti Bəşər Əsəd Dəməşqin İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi ilə bağlı ABŞ ilə əlaqə yaratmadığını və sübutlar təqdim olunana qədər onun öldürülməsinə inanmadığını bildirib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bu barədə yerli dövlət telekanallarına müsahibəsində deyib.
“Əl-Bağdadinin öldürülməsi ilə bağlı Amerika qurumları ilə əlaqə yaratmamışıq. Ən əsası, bu əməliyyatın həqiqətən də həyata keçirilib-keçirilmədiyini də bilmirik”, - Əsəd belə deyib.
Onun sözlərinə görə, ABŞ hələ də İŞİD liderinin öldürülməsinə dair heç bir dəlil təqdim etməyib və rəsmi Dəməşq özünün ABŞ-a bəhsedilən “yardım”ı barədə də yalnız KİV-dən eşidib.
Bununla yanaşı, o, terror ideologiyasının həyatda olduğu müddətdə əl-Bağdadinin və ya hətta bütün terrorçuların ölümünün ümumi vəziyyətə təsir etməyəcəyini vurğulayıb.