İran İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibinə daxil olan yarıhərbiləşdirilmiş “Bəsic” könüllüləri Tehranda Böyük Britaniya səfirliyi qarşısında aksiya keçirir.
ONA-nın xəbərinə görə, bu barədə “Asharq Al-Awsat” qəzeti məlumat yayıb.
Aksiya iştirakçıları Böyük Britaniya səfirliyinin təcili bağlanmasını, Londonun İranın daxili işlərinə qarışmamasını tələb edirlər.
Qeyd edək ki, bu gün Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeyr İran XİN-ə çağırılıb.
Səfirə diplomatik qaydalara zidd və qanunsuz toplantıya qatılmasına görə özünə və təmsil etdiyi dövlətə etiraz notası verilib. R. Makeyrə 1961-ci il Vyana Konvensiyasına zidd olaraq qanunsuz toplantıda iştirak etdiyi açıqlanıb və Britaniya hökumətindən bu haqda izahat tələb olunub.
Xatırladaq ki, R. Makeyr ötən gün Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra İran XİN-in müdaxiləsi nəticəsində azad edilib.