Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən tanınmış türk ədibi, hekayə ustası, türk milli kimliyinin formalaşmasında mühüm xidmətləri türkiyəli yazıçı Ömər Seyfəddinin vəfatının 100 illiyi qeyd olunub.
Bu barədə APA-ya Beynəlxalq Türk Akademiyasından məlumat verilib.
Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Yunus Əmrə Nur-Sultan İnstitutu, Nazarbayev Universiteti və Avrasiya Milli Universitetinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyə səfirliklərindən nümayəndələri də iştirak edib.
Akademiyanın prezidenti Darxan Kıdırali bildirib ki, türk dünyasının böyük şəxsiyyətlərinin yubiley mərasimlərinin ortaq tədbirlər çərçivəsində beynəlxalq səviyyədə qeyd olunması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitlərində üzv ölkələrin dövlət başçıları tərəfindən qərarlaşdırılıb və onların təlimatı əsasında həyata keçirilir.
Tanınmış türk ədibi, hekayə ustası, türk milli kimliyinin formalaşmasında mühüm xidmətləri türkiyəli yazıçı Ömər Seyfəddinin vəfatının 100 illiyinin anılması da bunun tərkib hissəsidir. Bu sırada tanınmış Azərbaycan dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin 150, böyük bəstəkar Üzeyir Hacıbəyovun isə 135 illik yubileyləri may ayında UNESCO-da təşkil olunacaq beynəlxalq forumda və il ərzində türkdilli dövlətlərin paytaxt şəhərlərində qeyd olunacaq. Eyni zamanda, onların əsərlərinin digər türk dillərinə tərcüməsi həyata keçiriləcək.
Türkiyənin Qazaxıstandakı səfiri Ufuk Ekici Türk Akademiyasının böyük şəxsiyyətlərimizin daha yaxından tanıdılması və təbliği ilə bağlı başlatdığı tədbirlərin böyük önəm daşıdığını, müasir türk dilinin formalaşmasında, onun xarici təsirlərdən qorunmasında Ömər Seyfəddinin vacib rol oynadığını vurğulayıb.
Nazarbayev Universitetinin professoru Funda Güven müasir türk kimliyinin və dilinin formalaşmasında Ömər Seyfəddinin rolu barədə məruzə edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Bakıda keçirilən Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III İclasında türk dünyasının böyük şəxsiyyətlərinin yubileylərinin ortaq şəkildə qeyd olunması ilə bağlı Akademiyaya üzv ölkələrin Təhsil nazirləri tərəfindən müvafiq protokol imzalanıb.