Beyrutun mərkəzində nümayişlər zamanı odlu silahdan atılan atəş nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı ölüb.
APA xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalının “Twitter” səhifəsində məlumat yer alıb.
Məlumata görə, daha bir neçə nəfər odlu silah yarası alıb.
Bildirilir ki, şəhərdə keçirilən aksiyalar zamanı etirazçılar Livan XİN-in binasına daxil olublar. Binanın yaxınlığında cəmləşən polislər onlarla danışıqlar aparır. Bildirilir ki, etirazçılar burada prezident Mişel Aunun portretini yandırıblar və XİN-in binasını özləri üçün mənzil-qərargah elan ediblər.
“Sky News Arabia” telekanalının məlumatına görə, etirazçılar, həmçinin Beyrutun mərkəzində İqtisadiyyat Nazirliyinin binasına daxil olublar.
Qeyd edək ki, faktiki olaraq şəhər mərkəzi bütövlükdə təhlükəsizlik qüvvələri və etirazçılar arasında yaranan toqquşma meydanına çevrilib. Kütləvi etiraz aksiyaları “Al-Kataib” müxalifət partiyasının lideri Sami Jmayelin çağırışlarından sonra baş qaldırıb. Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin məlumatına görə, etiraz aksiyaları zamanı 130 nəfər xəsarət alıb.
***
Saat 20:16
Livanın paytaxtı Beyrutda etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasını zəbt ediblər.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiya iştirakçıları XİN-in binasına girərək “Beyrut - silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.
Bildirilir ki, Beyrut limanında baş vermiş partlayış zamanı Xarici İşlər Nazirliyinin binası da ciddi ziyan görüb.
Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar keçirilməsi tələbi ilə hökumət əleyhinə mitinqlər keçirir. Aksiya iştirakçıları kütləvi şəkildə polisə daş və partlayan pirotexnikalar atırlar. Polis qüvvələri isə bunun cavabında gözyaşardıcı qazdan istifadə edir.