Livanın paytaxtı Beyrutda əhalinin sıx məskunlaşdığı Tarik Cadid məhəlləsində yanacaq-sürtkü materialları anbarında güclü partlayış baş verib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb. Bu barədə məlumatı Livan Qırmızı Xaç Təşkilatı da təsdiqləyib.
Livanın “Al-Jadeed” telekanalının verdiyi məlumata görə, 50-dən çox insan yaralanıb.
Anbarın yerləşdiyi binanın sakinləri bildirir ki, anbarın sahibi elektrik generatoru üçün orada dizel yanacağı saxlayırmış. Digər mənbələrə görə, anbarda benzin çənləri və mazut ehtiyatı olub. Hazırda mütəxəssislər bu məlumatları araşdırmaqla məşğuldur.
Hadisənin baş verdiyi ünvanda yanğınsöndürənlər və həkimlər işləyir. Xilasedicilər axtarış-xilasetmə əməliyyatı aparır. Sakinlər anbarın olduğu binadan və qonşu tikililərdən təxliyyə olunub.
Partlayışın səbəbləri hələlik dəqiqləşdirilməyib.