• DÜNYA

    16:54 9 may 2020

BMT Baş katibi İkinci Dünya müharibəsində həlak olanların xatirə və barışıq günü ilə bağlı müraciət edib - VİDEO

BMT-nin Baş katibi Antonio Quterreş İkinci Dünya müharibəsində həlak olanlara həsr olunmuş xatirə və barışıq günləri ilə bağlı video-müraciət edib.

ONA xəbər verir ki, BMT-dən Azərbaycandakı Nümayəndəliyinin məlumatına görə, video-müraciətdə deyilir: “Xatirə və barışıq günlərində biz İkinci Dünya müharibəsində həlak olmuş milyonlarla insanı yad edirik və onların çəkdiyi əzabları xatırlayırıq.

Nasistlərin törətdiyi Holokost və digər ağır və dəhşətli cinayətləri heç vaxt unutmamalıyıq.

1945-ci ilin may ayında faşizm və tiraniya üzərində qələbə yeni bir dövrün başlanğıcı oldu.

Beynəlxalq həmrəylik və ümumbəşəri dəyərlərimizin əhəmiyyətinin dərk edilməsi BMT-nin yaranmasına səbəb oldu. Onun əsas vəzifəsi gələcək nəsilləri müharibənin törətdiyi fəlakətlərdən qurtarmaqdır.

Dünyamız hələ də münaqişələrin təsirindən əziyyət çəkir.

Hətta hazırkı COVID-19 böhranı zamanı belə insanlar arasında nifaq salmaq və nifrət yaymaq üçün yeni cəhdlərin şahidi oluruq.

75-ci ildönümünü qeyd edərkən 1945-ci ildən öyrənilmiş dərsləri xatırlayaq, eləcə də pandemiyaya son qoymaq və hər kəs üçün sülh, təhlükəsizlik və ləyaqət dolu gələcəyin qurulması üçün səylərimizi birləşdirək”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR