BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Kolumbiyada venesuelalı qaçqınlar üçün ilk qəbul mərkəzi açıb.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, BMT QAK-nın rəsmi nümayəndəsi Andrey Maxeçiç mərkəzin Venesuela ilə sərhəddəki Quaxiro departamentinin Maykao şəhərində yerləşdiyini bildirib.
Mərkəz Kolumbiya mərkəzi və yerli hakimiyyət orqanlarının xahişi ilə açılıb, müvəqqəti olaraq 350 nəfərin yerləşdirilməsi üçün nəzərdə tutulub. Ancaq gələcəkdə mərkəzin tutumunun artırılması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Maykaoda Venesueladan çoxlu sayda qaçqın və miqrant gəlib, onların aralarında qocalar və uşaqlar da var. Venesuelalıların çoxu küçələrdə yaşayır.
BMT QAK-ın məlumatına görə, 2015-ci ildən Venesuelanı 2,7 milyondan çox insan tərk edib. Onların 1,1 milyonu Kolumbiyaya üz tutub.