• DÜNYA

    12:49 26 sentyabr 2019

BMT məruzəçisi Azərbaycana gələcək

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver 1 – 11 oktyabr tarixlərində Azərbaycana faktaraşdırıcı səfər edəcək.

BMT-nin Azərbaycan Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, səfərin məqsədi qida hüququnun təmin edilməsində Azərbaycan hökumətinin göstərdiyi səyləri araşdırmaqdır.

H. Elver qeyd edib ki, Azərbaycanda qida hüququ təminatının qiymətləndirilməsini və insanların qazancına təsir göstərən ölkənin qida və kənd təsərrüfatı siyasətinin daha yaxından öyrənilməsini arzulayır: “Səfərimin məqsədi münasib təcrübəni, eləcə də çətinlikləri müəyyən etmək məqsədilə konstruktiv müzakirələr aparmaq və hökumətə, digər dairələrə faydalı tövsiyələri verməkdən ibarətdir. Mən Azərbaycanda qida hüququnun təmin edilməsinə iqtisadi artımın və xarici sərmayələrin nə dərəcədə təsir göstərdiyini yaxından öyrənəcəyəm. Kənd təsərrüfatı sektorunun oynadığı rolu, o cümlədən münasib təcrübə nümunələrini və çətinlikləri nəzərdən keçirməyi planlaşdırıram. Mən həmçinin, xüsusilə qadınlar, uşaqlar, azlıqlar, əlilliyi olan şəxslər və həm şəhər, həm də kənd yerlərində məcburi köçkün kimi yaşayan, öz evlərini tərk etməyə məcbur olmuş insanlar arasında olmaqla, qida hüququnun yerinə yetirilmə vəziyyətini qiymətləndirəcəyəm”.

Bu, qida hüququ üzrə müstəqil ekspertin ölkəyə ilk səfəridir. Xüsusi məruzəçi Bakıya, Qubaya və Gəncəyə səfər edəcək. O, hökumət rəsmiləri, Ombudsman, BMT sistemin nümayəndələri, beynəlxalq donor icması, vətəndaş cəmiyyəti təşkilatları və digər icmalarla görüşlər keçirəcək.

Səfərlə əlaqədar H. Elverin yekun hesabatı 2020-ci ilin martında Cenevrədə İnsan Hüquqları Şurasına təqdim olunacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR