• DÜNYA

    01:53 19 dekabr 2020

Bolqarıstan hökuməti rusiyalı diplomatı "arzuolunmaz şəxs" elan edib

Bolqarıstan prokurorluğu Rusiyanın Sofiya səfirliyindəki hərbi attaşesini casusluqda ittiham etməsindən sonra ölkə rəhbərliyi onu “arzuolunmaz şəxs” (persona-non-qrata) elan edib.

APA TASS-a istinadən xəbər verir ki, bununla da o, son iki ildə Bolqarıstandan geri göndərilən altıncı rus diplomatı olub.

“Persona-non-qrata elan olunmuş rusiyalı diplomat 72 saat ərzində Bolqarıstanı tərk etməlidir”, - deyə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

Bolqarıstan prokurorluğundan verilən açıqlamaya görə, “respublikaya qarşı cinayətə görə Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyinin siqnalı ilə” rusiyalı diplomata qarşı cinayət işi başlanılıb: “Əcnəbi vətəndaş xarici ölkəyə ötürmək üçün dövlət sirri hesab olunan məlumatlar toplayıb”.

Casusluqda şübhəli bilinən şəxsin diplomatik statusu səbəbindən cinayət işi ləğv olunub və baş prokuror İvan Geşev hadisə ilə bağlı xarici işlər naziri və Bolqarıstan Baş nazirinin müavini Yekaterina Zaxariyevanı rəsmi şəkildə məlumatlandırıb.

Rusiya səfirliyinin bildirdiyinə görə, hərbi, hərbi-hava və hərbi-dəniz attaşesi “arzuolunmaz şəxs” elan edilib.

“Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndəlik rəhbərinin əsassız şəkildə çıxarılması ölkələrimiz arasında hərbi sahədə dialoqun inkişafına, eləcə də Qara dəniz bölgəsində sabitliyin möhkəmlənməsinə əngəl törədir”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR