Britaniya Səhiyyə Katibliyinin pasiyentlərin təhlükəsizliyi üzrə müavini Nadin Dorris koronavirusa yoluxduğunu açıqlayib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, nazir müavini bildirib ki, İngiltərə İctimai Səhiyyə İdarəsi tərəfindən təmasda olduğu bütün insanlar ətraflı araşdırılır:
“Koronavirus üçün testlərimin müsbət nəticə verdiyi təsdiqləndi. Bu barədə mənə məlumat verilən kimi bütün zəruri tədbirlər görmüşəm. Mənə göstərilən köməyə görə Səhiyyə Nazirliyi və Milli Səhiyyə Xidmətinə təşəkkürümü bildirirəm”.
Yerli mətbuatın yazdığına görə, Dorris keçən cümə axşamı Britaniya Baş nazirinin iqamətgahında təşkil edilən qəbulda iştirak edib və ertəsi gün özünü pis hiss edib.
Qeyd edək ki, İngiltərədə ötən gün koronavirusa yoluxma hallarının sayı 54 nəfər artaraq 373-ə çatıb, onlardan 6 nəfəri ölüb.