Bu gün prezident Vladimir Putinin dəvətilə Almaniyanın Kansleri Angela Merkelin Rusiyaya işgüzar səfəri başlayır.
APA TASS-a istinadən xəbər verir ki, səfər çərçivəsində iki ölkə liderləri arasında beynəlxalq gündəmdəki aktual problemlər, Yaxın Şərqdəki vəziyyət, o cümlədən Suriya və Liviyadakı son durumun müzakirə ediləcəyi gözlənilir.
Kanslerin Kremlə gəlişi Moskva vaxtı ilə təxminən 14:30-a planlaşdırılıb. Danışıqlardan sonra saat 17:00-da liderlərin birgə mətbuat konfransı keçiriləcək.
Almaniyanın Moskvadakı diplomatik nümayəndəliyi Angela Merkelin Rusiya paytaxtına səfərinin birgünlük olacağını bildirib. Səfərdə xanım kansleri Almaniyanın Xarici İşlər naziri Hayko Maas müşayiət edəcək.
Qeyd edək ki, Almaniya kanslerinin Rusiyaya səfəri daha əvvələ planlaşdırılsa da, sonradan təxirə salınıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin təxirə salınmasının Yaxın Şərqdəki vəziyyətlə, o cümlədən iranlı general Qasım Süleymaninin ölümü ilə heç bir əlaqəsinin olmadığını bildirib.